Xəbərlər
Azərbaycan ilə Qətər arasında tərəfdaşlığın genişləndirilməsi üçün böyük potensial var
Azərbaycan və Qətər dost ölkələrdir. İki dövlətin liderləri arasındakı dostluq, etibarlı siyasi əlaqələr, qarşılıqlı səfərlər münasibətlərimizin hərtərəfli inkişafında mühüm rol oynayır. Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın, Dohada Azərbaycan Ticarət Evinin fəaliyyəti ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına töhfə verir.
Bu fikirləri energetika naziri Pərviz Şahbazov Qətər Dövlətinin Milli Günü münasibətilə keçirilən tədbirdə söyləyib. O bildirib ki, iki ölkənin tərəfdaşlığının genişləndirilməsi üçün energetika, nəqliyyat-logistika, qarşılıqlı investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində böyük potensial var.
“Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində və neft-qaz məhsullarının ticarəti ilə məhdudlaşan enerji əməkdaşlığının yeni müstəvidə qurulması üçün münasib vaxtdır.
Xüsusilə azad edilmiş ərazilərin “xalis sıfır” emissiyaya malik “yaşıl enerji” zonası konseptində inkişafı, eyni zamanda “yaşıl artım” və təmiz ətraf mühitə nail olmağa ölkənin milli prioriteti səviyyəsində yanaşma çox istiqamətli enerji əməkdaşlığı üçün fürsət yaradır.
Hazırda Qətərin “Nebras Power” şirkəti ilə energetika sahəsində müxtəlif layihələr, o cümlədən Yaşmada inşası planlaşdırılan qaz-turbin elektrik stansiyası layihəsi üzrə müzakirələr aparılır.
Bizim hədəfimiz Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafının təmin edilməsidir və bu prosesdə “Nebras Power” şirkəti ilə əməkdaşlıq üçün yeni imkanlar mövcuddur”, - deyə energetika naziri bildirib.