YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niderlandda yaşayan azərbaycanlılardan ekofəallara dəstək

Niderlandda yaşayan azərbaycanlılar Azərbaycanın qeyri-hökumət təşkilatlarını təmsil edən ekofəalların, könüllülərin və media nümayəndələrinin Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq keçirdikləri etiraz aksiyasında xalqımızın yanında olduqlarını bəyan edirlər.

Etiraz aksiyalarını dəstəklədiklərini nümayiş etdirmək məqsədilə Niderland yaşayan bir qrup diaspor nümayəndəsi Haaqadakı Rusiya səfirliyinə etiraz məktubu göndəriblər.

Məktubda qeyd edilib ki, Niderlandda yaşayan azərbaycanlılar ölkəmizdə fəaliyyət göstərən çoxsaylı qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarına və bölgədə yaranmış ekoloji gərginliyə son verilməsi tələbi ilə keçirilən aksiyaya öz dəstəyimizi ifadə edirik.

“Ətraf mühitin qorunması milliyyətindən asılı olmayaraq hər bir insanın borcudur. Biz – Niderlandda yaşayan azərbaycanlılar ana Vətənimiz Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə ekoloji vəziyyətin gərginləşməsindən ciddi şəkildə narahatıq.

Beynəlxalq səviyyədə ciddi narahatlıq doğuran iqlim dəyişikliyi və su resurslarının azalması fonunda Azərbaycanın Qarabağ bölgəsində bir qrup cinayətkar şəxsin ətraf mühitə sistemli xəsarət yetirən addımlarının azərbaycanlılara qarşı etnik nifrətdən – azərbaycanofobiyadan qaynaqlandığı qənaətindəyik. Qeyd edilən ərazilərdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingenti tərəfindən qanunsuz fəaliyyətə belə şəraitin yaradılmasını və sistemli ekoloji terrorun qarşısının alına bilməməsini sülhməramlıların komandanlığının bir qrup cinayətkar oliqarxın təsirində olmasının göstəricisi hesab edirik.

Niderlandda yaşayan azərbaycanlılar kimi soydaşlarımızın haqq səsinə qoşularaq, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki təbii ehtiyatların qanunsuz istismarını və bundan irəli gələn ekoloji fəsadları yerində araşdırmaq üçün azərbaycanlı ekoloji fəalların təhlükəsizliyi təmin olunmaqla, “Qızılbulaq” qızıl yatağına, “Dəmirli” mis-molibden yatağına və digər yataqlara mütəmadi baxış keçirmələrinə şərait yaradılmasını tələb edirik.

Tələblərimiz yerinə yetirilməyənədək xaricdə yaşayan azərbaycanlılar da soydaşlarımızla həmrəylik nümayiş etdirərək, səfirliyinizin önündə dəstək aksiyaları keçirəcəyimizi bəyan edirik”, - deyə məktubda qeyd olunub.