Xəbərlər
Nazir: Azərbaycan tərəfi dialoqa hər zaman açıqdır
Bir sıra digər hallarda bəzi açıqlamalarda Azərbaycanı dialoqa çağırıblar. Bu gün biz faktlarla bir daha göstərdik ki, Azərbaycan tərəfi dialoqa hər zaman açıq olub. Dialoqu irəli aparan tərəf məhz Azərbaycan tərəf olub. Təqribən son iki ay ərzində Azərbaycanın bu sahədə çoxsaylı müraciət etməsi, dekabrın 3-də görüşün keçirilməsi, müvafiq orqanlar tərəfindən yol xəritəsinin hazırlanaraq dekabrın 5-də təqdim olunması, ayın 10-da monitorinqin keçirilməsinə dair razılığın əldə edilməsi Azərbaycan tərəfinin dialoqa açıq olduğunu, bu məsələnin əməkdaşlıq şəraitində həll edilməsini dəstəklədiyini bir daha göstərir. Azərbaycan bu yanaşmanı daha əvvəl də göstərib. Laçın dəhlizinə alternativ yolun çəkilməsi zamanı orada yerli erməni əhali ilə ünsiyyətlər də oldu, onların bir sıra xahişləri nəzərə alınmışdı. Sərsəng su anbarı ilə bağlı müzakirələrdə əməkdaşlıq yerli erməni mütəxəssisləri və əhalisi ilə razılaşdırılmış formada həyata keçirildi.
Bu sözləri jurnalistlərə müsahibəsində xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir deyib ki, bu dəfə bu addımların atılmasının, təxribatların həyata keçirilməsinin arxasında duran insanlar, qüvvələr var. Onlar bunda maraqlı deyillər. Burada Azərbaycana deyil, qarşı tərəfə çağırışlar, ciddi xəbərdarlıqlar edilməlidir ki, təxribatlara əl atmasınlar. Onlar təxribatlarla heç nəyə nail ola bilməyəcəklər.
“Azərbaycan tərəfinin yanaşması konstruktivdir, ədalətlidir. Bütün məsələlər ölkəmizin qanunları çərçivəsində, suverenliyinə hörmət olunmaqla həll edilməlidir. Qarabağda yaşayan ermənilərin Azərbaycan qanunları çərçivəsində orada qalmaq, yaşamaq, öz həyatlarını qurmaq haqları var və Azərbaycan dövləti onların bu haqqını tanıyır”, - deyə Ceyhun Bayramov əlavə edib.