Xəbərlər
Monteneqro Prezidenti: Qlobal Bakı Forumu beynəlxalq tədbirlər arasında yüksək yer tutur
Monteneqro Respublikasının Prezidenti Milo Cukanoviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradovu qəbul edib.
Mərkəzdən bildirilib ki, qəbul zamanı Prezident M.Cukanoviçə mərkəzin 2022-ci il ərzindəki fəaliyyəti, həyata keçirdiyi təşəbbüslər haqqında ətraflı məlumat verilib. Vurğulanıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin reallaşdırdığı təşəbbüslər dünyada sülhün, təhlükəsizliyin təmin olunması, müxtəlif regionlarda davam edən münaqişələrin həlli yolları ilə bağlı əhəmiyyətə malikdir.
Prezident M.Cukanoviç 10 il ərzində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq institutlardan birinə çevrildiyini və Azərbaycan Respublikası Prezidentinin himayəsi ilə keçirilən illik Qlobal Bakı Forumunun beynəlxalq aparıcı forumlar sırasında yüksək yer tutduğunu vurğulayıb.
Monteneqro Prezidentinə X Qlobal Bakı Forumuna hazırlıqla bağlı görülən işlər barədə də məlumat verilib.
Görüşdə M.Cukanoviçə Mərkəzin nəşr etdiyi “Qələmin sehri. Nizami Gəncəvinin “Xəmsə”sindən seçilmiş miniatürlər” kitabı və xatirə hədiyyəsi təqdim olunub.