YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə münasibətlər önəmli yerlərdən birini tutur

«Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə münasibətlər önəmli yerlərdən birini tutur. Bu gün Azərbaycan özünün enerji siyasətində də  həm Avropa, həm də Asiya istiqamətində fəaliyyətini gücləndirməkdədir. Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycan bölgədə söz sahibidir və bu baxımdan əməkdaşlıq kontekstində Asiya dövlətlərinin diqqət mərkəzindədir». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyevin xarici siyasətində Asiya regionu ilə əlaqələr vacib yer tutur. Onun sözlərinə görə, siyasi əlaqələrlə yanaşı iqtisadi münasibətlərdə, o cümlədən ixrac-idxal proseslərində də Asiya ölkələri ilə əməkdaşlığımız yüksələn xətlə inkişaf etməkdədir. YAP İcra katibinin müavini deyib ki, Prezidentimiz cənab İlham Əliyevin Vyetnama səfəri və səfər çərçivəsində aparılan danışıqlar bütövlükdə Asiyaya yönəlik siyasətimizin istiqamətlərindən biridir.

«Bu gün Asiyanın ən aparıcı ölkələrindən biri də Çin Xalq Respublikasıdır. Prezidentimiz cənab İlham Əliyev bu ölkəyə səfəri zamanı apardığı danışıqlarda ikitərəfli əlaqələrimizin inkişaf etdirilməsi, həm də bütövlükdə Asiya qitəsində gedən proseslərdə Azərbaycanın iştirakı ilə bağlı özünün dəyərli fikirlərini bildirib. Azərbaycan sürətlə inkişaf edən, dünyaya açıq olan bir ölkədir. Prezidentimizin bu regiona səfəri bütövlükdə milli maraqlarımızı özündə əks etdirən siyasətinin məntiqi davamıdır. Eyni zamanda, Azərbaycan bir çox beynəxlaq təşkilatların işində fəal iştirak edir. Bu mənada, Prezidentimiz İlham Əliyevin Şanxayda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında iştirakı və həmin toplantıda çıxış etməsi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox əhəmiyyətlidir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.  

M.Qurbanlı onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyası da  Asiya Siyasi Partiyalarının  Beynəlxalq Konfransının rəhbərliyinə daxildir. Onun sözlərinə görə, bu təşkilatda Çin, Hindistan, Türkiyə və s. Asiyanın aparıcı dövlətləri təmsil olunur: «Burada 350-dən çox partiya təmsil olunsa da, 22 partiya həmin təşkilatın rəhbər qurumu olan Daimi Komitəsində təmsil olunur. YAP da Daimi Komitənin üzvüdür. YAP-ın nümayəndə heyəti dəfələrlə Çində, Vyetnamda, Pakistanda və digər Asiya ölkələrində keçirilən tədbirlərə qatılıblar. Yəni biz bu təşkilat vasitəsilə də Asiya ölkələri ilə əməkdaşlıq edirik».

DİGƏR Xəbərlər Arxiv