Xəbərlər
Vüqar Rəhimzadə: Fransanın növbəti riyakarlığı, rəzilliyi və ikiüzlülüyü
“30 illik işğal dövründə etdikləri beynəlxalq hüquqa zidd əməlləri, işğalçıya dəstəkləri ilə sonda hansı vəziyyətə yol açdıqlarının şahidləri olan bəzi dünya güclərinin bundan nəticə çıxarmaq əvəzinə hadisələrin mənfi istiqamətdə inkişafına səy göstərmələri birmənalı qarşılana bilməz. Artıq dəfn edilmiş keçmiş Minsk qrupunun həmsədrlərindən olan, ən əsası Ermənistan hərbi qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) 4 qətnaməsinin hazırlanması və qəbulu prosesində iştirak edən, TŞ-nın 5 daimi üzvündən biri olan Fransanın Azərbaycana qarşı bir an belə səngiməyən qərəzli mövqeyi diqqətdən kənarda qalmır, müxtəlif sualların yaranmasına səbəb olur. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından bu günədək cərəyan edən proseslərin xronologiyasına diqqət yetirsək görərik ki, Fransa daim münasibətlərin normallaşdırılmasına mane olur, sülh müqaviləsinin imzalanmasına əngəl törətməyi fəaliyyətinin əsas prinsipi kimi öndə saxlayır. Dövlətlərarası münasibətlərdə etimad mühitinin əsas faktor olduğunu nəzərə alsaq Fransanın daim beynəlxalq hüquqa zidd əməlləri ilə özünə qarşı inamsızlıq yaratdığını, bu müstəmləkəçi dövlətin erməni sevgisinin ölçüyəgəlməz dərəcədə böyük olduğunu açıq-aydın görərik. Bu, bir danılmaz faktdır ki, Fransa erməni diasporunun güclü olduğu ölkədir. Məhz bu ölkədəki erməni diasporunun səyləri nəticəsində Fransa Senatının mütəmadi olaraq qəbul etdiyi qərəzli qətnamələr hər zaman gündəmin əsas müzakirə mövzusudur. Fransa Prezidenti sülh müqaviləsinin imzalanması prosesinin yaxınlaşdırılması, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində keçirilən görüşlərdə bir tərəfdən özünü neytral vasitəçi kimi təqdim etməyə çalışır, digər tərəfdən isə Azərbaycanın əleyhinə təbliğat kampaniyasını önündə gedir. Fransa Senatının bu günlərdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamə də bu qərəzli və riyakar siyasətin tərkib hissələrindən biridir.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə sual edib ki, belə olan təqdirdə bu güclərə inam mümkündürmü? Fransadan sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistana sadəcə söz deməsini gözləməyə dəyərmi? Yaxud Cənubi Qafqaz regionunda sülhün, sabitliyin, təhlükəsizliyin və əməkdaşlığın bərpası Fransa üçün maraqlıdırmı? Bu ölkə rəhbərlərinin riyakar və ikiüzlü davranışları göstərir ki, əsla yox. Fransa Prezidenti Emmanuel Makron mütəmadi olaraq dövlət başçısı İlham Əliyevə telefon zəngi edir, sülh müqaviləsinin imzalanması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində müzakirələr aparır, digər tərəfdən isə Ermənistana dəstək missiyasını yerinə yetirməklə danışıqlar prosesini pozmağa çalışır. Fransa Senatının 2022-si il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da ötən ayın 30-da Azərbaycana qarşı qərəzli, beynəlxalq hüququn norma və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan məkrli, qeyri-obyektiv və ədalətsiz bir sənəd qəbul etdi. Fransa Senatı tərəfindən qəbul edilmiş “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 2020-ci il 9 noyabr tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olunmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi" adlı qətnamə ilə eyni məqsədə xidmət edən Milli Assambleyanın 30 noyabr 2022-ci il tarixli qətnaməsi Azərbaycan dövlətinin sərt reaksiyasına səbəb oldu. Kiçik dövlətlərin yanında özünü beynəlxalq hüquqa hörmətlə yanaşan ölkə kimi təqdim etməyə çalışan Fransa bunun ikiüzlü siyasətinin “ayaq tütüb yeriməyəcəyinin” fərqindədir. Belə ki, Fransanın qanunverici orqan - parlament səviyyəsində ortaya qoyduğu qərəzli mövqe müxtəlif fikirlərin yaranmasına səbəb olmaya bilməz.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Ermənistanın baş nazirinin Brüssel, Praqa və Soçi görüşlərində qəbul edilmiş birgə bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini rəsmən tanımasına baxmayaraq, Fransanın mövcud vəziyyəti dəstəkləmək əvəzinə, separatizmi dəstəkləməsi məqsədli şəkildə gərginlik yaratmaq cəhdidir. Ən dəhşətlisi odur ki, bütün bunlar dünya güclərinin gözləri qarşısında baş verir: “Hər addımında beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən Fransa 30 ildə danışıqlar prosesinə qatılarkən hansı dəyərlərə söykənib? Fransa və Ermənistanı birləşdirən dəyərlər hər kəsə məlumdur. Onları bir araya gətirən dəyərlər işğalçılıq siyasətinə, terrora dəstəkdir. Azərbaycana qarşı sanksiyaların tətbiqi çağırışını edən Fransa Senatı ölkəsinin beynəlxalq hüquqa zidd əməllərini dəyərləndirsə daha yaxşı olar. Qətnamənin ikrah hissi doğuran müddəalarından biri də layihə müəlliflərinin Fransa hökumətini Qarabağda erməni dini və mədəni mirasının qorunması üçün bütün vasitələrdən istifadə etməyə çağırışıdır. 30 il işğalda saxladıqları Azərbaycan ərazilərində bütün dini və mədəni mirasımızı tamamilə məhv edən erməni vandallarının gözündə tiri görməzdən gələrək tolerant və humanist azərbaycanlıların gözündə tük axtaran Fransa parlamentinin bu iddialarına vicdansızlıqdan başqa ad vermək mümkün deyil.”
Vüqar Rəhimzadə bildirib ki, Azərbaycana qarşı qəbul olunan belə əsassız qətnamələr onların müəlliflərin savadsızlığını, dünya ölkələrinin tarixindən xəbərsizliklərini ortaya qoyur: “Ermənilərin 30 ildə işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşiliklər hər kəsə məlumdur. Mənfur düşmən bu torpaqlarda 67 məscidin 63-nü tamamilə, 4-nü isə qismən dağıdaraq yararsız hala salıb. Ermənilər tarixi və dini abidələrimizi dağıtmaqla yanaşı, məscidlərimizdə donuz saxlamaqla ümumilikdə İslam dünyasını təhqir ediblər. Dövlət başçısı İlham Əliyevin xüsusi təşəbbüsü ilə işğaldan azad edilmiş ərazilərimizdə erməni vəhşilikləri dünya ictimaiyyətinə çatdırılır. Bu ərazilərimizə səfərlərin təşkili, tədbirlərin keçirilməsi təbliğat xarakteri daşıyır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bütün dünya görsün ki, Azərbaycan neçə illərdir necə vəhşi millətlə üz-üzə olub. Bu gün Fransa Senatının, eyni zamanda, Milli Assambleyanın qəbul etdikləri qətnamələr belə bir sualın yaranmasına səbəb olur ki, bəs Fransa hökuməti ermənilərin 30 il işğal altında saxladıqları torpaqlarımızda törətdikləri vəhşilikləri görmürdümü? Onda niyə belə mövqe nümayiş etdirmirdi?”
Vüqar Rəhimzadə qeyd edib ki, istər Fransa Senatı, istərsə də Milli Assambleya baş verən hadisələrə obyektiv yanaşmırlar. Onlar işğalçını dəstəkləməklə həm ölkəmizə, həm də beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirirlər. Ən əsası Fransa kimi gücün belə mövqe ortaya qoyması ikrah doğurur. Əgər bu gün dünya hüquq problemini yaşayırsa, ədalət deyilən məfhum unudulursa obyektiv qətnamənin qəbulundan danışmaq mümkünsüzdür. Bu baxımdan Fransa Milli Assambleyasının qəbul etdiyi sənəd də digər qərəzli qətnamələr kimi Azərbaycan üçün heç nəyi ifadə etmir, adi kağız parçasıdır. Bu kağız parçalarının sayı artdıqca Fransaya etimad sıfıra yaxınlaşır.