YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kəlbəcərin qaytarılması tarixi Qələbənin daha bir təsdiqidir

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Azərbaycanın cənub-qərb bölgəsinin zirvəsi hesab olunan Kəlbəcər rayonu qədim dövrün abidəsi olmaqla, çox zəngin flora və faunası olan bir təbiət muzeyidir. Kəlbəcərin təbii sərvətləri, heyvandarlıq və turizm üçün də unikal imkanlara malik olması rayonun  Ermənistan tərəfindən işğal edilməsinin və  işğaldan sonra ermənilərin bu rayonda daha çox qanunsuz məskunlaşmasının səbəblərindən biri idi. 

Ermənistanın silahlı qüvvələri xarici havadarlarının siyasi və hərbi köməyi ilə əlverişli şəraitdən istifadə edərək Laçın və Şuşa rayonlarını işğal etdikdən sonra Kəlbəcər mühasirəyə almışdı. Daxili və xarici düşmənlər bununla kifayətlənmədilər. Onlar daha da ağır hadisələr törətməyə hazırlaşırdılar. Ona görə ki, Kəlbəcər üç tərəfdən Ermənistanın əhatəsində qalmışdı. 25 mart 1993-cü il tarixdən hücuma keçən Ermənistan silahlı qüvvələri rus ordusu bölmələrinin dəstəyi ilə 2 aprel 1993-cü il tarixdə Kəlbəcər bölgəsini tamamilə işğal etdilər. Bu faciədə erməni faşistləri bir neçə yüz nəfəri öldürdülər, bir neçə yüzünü əsir götürdülər. Bu faicədə digər rayonun əsgərləri də öldürülüb əsir götürülmüşdür. Erməni faşistləri rayonu talan edib, yandırdılar. Rayon ərazisində olan tarixi-memarlıq abidələrini, binaları, evləri dağıdıb məhv etdilər.

Kəlbəcərin işğalından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 27 ildən artıq müddətdə BMT qətanməsi kağız üzərində qaldı.

Azərbaycan xalqı özü beynəlxalq qanunların aliliyini və tarixi ədaləti bərpa etdi. 27 sentyabr 2020-ci ildə başlanan Vətən savaşında Azərbaycan Ordusu Ermənistan ordusunu diz çökdürdü. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Ermənistan Kəlbəcər rayonunu noyabrın 15-də boşaltmalı və ərazini tam olaraq Azərbaycana təhvil verməli idi. Lakin bu, 15 noyabrda reallaşmadı. Ermənistan vaxtın azlığını və relyefin çətinliyini əsas göstərərək noyabrın 25-dək vaxt istədi. Azərbaycan tərəfi Rusiya tərəfindən çatdırılan bu xahişi qəbul etdi. Beləliklə, Kəlbəcər rayonu noyabrın 25-də Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Bununla həm də Azərbaycan BMT qətnaməsinin tələbini reallaşdırmış oldu.

Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisidir.

Kəlbəcər Azərbaycan iqtisadiyyatına çox böyük gəlirlər vermək imkanlarına malikdir. Kəlbəcərin azad olunmasından keçən dövr ərzində rayonda quruculuq işləri, infrastruktrun qurulması istiqamətində çox ciddi layihələr gerçkləşdirilib və sürətli abadlıq-quruculuq işləri gedir. Kəlbəcərdə həyat bərpa edilir və kəlbəcərlillər dogma yurd-yuvalarına qayıdaraq bu həyatı daha da gözəlləşdirəcəklər.