Xəbərlər
Riqa sammiti çərçivəsində təşkil edilən şam yeməyində Bakıda baş vermiş faciəyə görə Avropa İttifaqı Şurası adından başsağlığı verilib
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Riqada keçirilən “Şərq Tərəfdaşlığı” sammiti ərəfəsində, mayın 21-də dövlət və hökumət başçıları və nümayəndə heyətlərinin rəhbərləri üçün Latviya Prezidenti Andris Berzinş adından təşkil olunmuş işçi şam yeməyində iştirak edib.
Tədbirə qatılan Avropa İttifaqı Şurasının sədri Donald Tusk bu gün Azərbaycan Prezidenti İlham Əliyev ilə telefon söhbətinin baş tutduğunu və Aİ ilə Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərinin müzakirə edildiyini Sammit iştirakçılarının diqqətinə çatdırıb. Bununla yanaşı, D.Tusk telefon danışığı zamanı Bakıda baş vermiş dəhşətli faciəyə görə Azərbaycanın dövlət başçısına Avropa İttifaqı Şurası adından başsağlığı verdiyini bildirib. O, Prezident İlham Əliyevin Riqa sammitində iştirak edə bilməyəcəyini anladığını və bunu Aİ üzvü ölkələrinin dövlət və hökumət başçılarının diqqətinə çatdırdığını bəyan edib.
Həmin gün Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Riqa sammiti ərəfəsində xarici işlər nazirləri üçün təşkil edilmiş şam yeməyində iştirak edib. Avropa İttifaqının fəaliyyətdə olan sədri, Latviya XİN-in rəhbəri Edqars Rinkeviçş Novruz Məmmədova müraciət edərək Bakıda baş vermiş faciə ilə bağlı Latviya və sədrlik etdiyi toplantı iştirakçıları adından Azərbaycan xalqına başsağlığı verib.