YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamran Bayramov: Fransa Senatının bu mövqeyi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə sarsıdıcı zərbədir

“Fransa Senatı 15 noyabr 2022-ci il tarixli qətnaməsi ilə ölkəmizə qarşı qərəzli və ədalətsiz mövqeyini bir daha nümayiş etdirdi. Qətnamədə Fransanın “vasitəçilik rolunu” böyük şübhə altına qoyan, ölkələrimiz arasında ikitərəfli münasibətlərə ciddi xələl gətirən məqamlar, o cümlədən, qondarma kvazidövlətin tanınması, Azərbaycana qarşı sanksiyaların tətbiqi, qaz və neft tədarükünə embarqonun tətbiq edilməsi ilə bağlı çağırışlar yer alır. Heç kim üçün sirr deyil ki, qətnamə adlanan bu kağız parçası birbaşa Fransada fəaliyyət göstərən türkofob və islamofob dairələrin və erməni lobbisinin məhsuludur. Eyni zamanda xatırlatmaq istərdim ki, bu qətnamə son iki ildə Fransa parlamentinin Azərbaycana qarşı qəbul etdiyi sayca üçüncü sənəddir. Bu da, o deməkdir ki, Fransanın ölkəmizə qarşı belə addımları məqsədli xarakter daşıyır, onun xarici siyasətinin tərkib hissəsinə çevrilib. Bütün bunlar Azərbaycana qarşı aparılan nifrət kampaniyasının davamlı olduğunu açıq-aşkar göstərir. Fransa Senatının bu mövqeyi Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə sarsıdıcı zərbədir və regionda sülh quruculuğu səylərinə ziyan vurmaq məqsədi güdür.” Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, öz tarixində onlarla dövləti işğal etmiş, müstəmləkəsinə çevirmiş, misli görünməmiş müharibə cinayətləri törətmiş bir ölkənin Senatı tərəfindən qəbul edilən qərar bütün beynəlxalq hüquq və prinsiplərə zidd olmaqla yanaşı, həm də, 30   il ərzində qonşusunun torpaqlarını işğal edən Ermənistanı açıq-aydın dəstəkləməkdir. Başdan-ayağa böhtan və iftiralarla dolu qətnamədə birmənalı şəkildə Azərbaycana qarşı düşmən münasibət var. 

Deputat vurğulayıb ki, qəbul edilmiş qətnamə tövsiyə xarakteri daşıyır, heç bir hüquqi qüvvəyə malik deyil. Əvvəlki qətnamələrdə olduğu kimi, orada yer almış tövsiyələrin heç biri nəzərə alınmayacaq və unudulacaq. Lakin, siyasi məna daşıdığından bu sənədin qəbul olunması beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini və Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsini, eləcə də, Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli münasibətləri ciddi şəkildə pozur. Fransanın bu siyasəti birmənalı olaraq regionumuzda gərginliyin artmasına, sülh prosesinin sarsıdılmasına xidmət edir. Bununla da, Minsk Qrupunun həmsədri kimi Fransa,keçmiş münaqişənin həllində heç vaxt maraqlı olmadığını, özünün əsl ermənipərəst mövqeyini açıq şəkildə və həyasızcasına nümayiş etdirir.

Azərbaycanın xoş niyyəti və icazəsi ilə sülh danışıqlarının müəyyən mərhələsinə buraxılmış Fransa növbəti qərəzli qətnamədən sonra etibarsız tərəfdaşlıq və ikiüzlü riyakarlıq nümunəsidir! Bu ölkənin indiki qəbuledilməz davranışı, düşmən mövqeyi onu qərəzsiz, ədalətli və neytral hesab edən bütün ölkələrə bir mesaj və ibrət olmalıdır.

Deputat diqqətə çatdırıb ki, Fransanın qəbuledilməz və qərəzli mövqeyinə siyasi qiymət verilməli, bu ölkə ilə mövcud olan siyasi və iqtisadi münasibətlərə yenidən baxılmalı, Ermənistan və Azərbaycan arasında gedən sülh danışıqları prosesində iştirakına son qoyulmalıdır.

K.Bayramov əlavə edib ki, Vətən Müharibəsindən sonrakı dövrdə Ermənistan  ərazilərimizə minaların basdırılmasını davam etdirir və  xəritələri verməkdən hər vəchlə yayınır. Ölkəmizə qarşı baş verən hadisələr fonunda Fransa Senatının belə sənədi qəbul etməsi bu ölkənin beynəlxalq hüquqa əsl münasibətini əks etdirir. Tarix boyu müxtəlif ölkələrə qarşı vəhşiliklər törətmiş Fransanın irqi ayrıseçkilikdən danışmağa zərrəcə haqqı yoxdur. Səs çoxluğu ilə qəbul edilən bu qətnaməyə səs verənlər nəticə etibarı ilə Fransanın Azərbaycan və Ermənistan arasında gedən danışıqlarda Cənubi Qafqazdakı proseslərdə iştirakının əleyhinə səs veriblər. Onlar bilməlidirlər ki, Qarabağın erməni əhalisinin hüquqları Azərbaycanın daxili məsələsidir. Tarixi qara ləkələrlə dolu olan bir ölkənin Azərbaycanla bağlı belə absurd ittihamlar irəli sürməsi də çox gülüncdür.