YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası-30: fenomenə politoloji baxış

Emil Abasov

YAP Pirallahı yerli təşkilatının sədri

Azərbaycanın ən yeni tarixində və ictimai-siyasi həyatında silinməz izlər buraxan, sıraları ötən illər ərzində kəmiyyət və keyfiyyət baxımından günü-gündən zənginləşən Yeni Azərbaycan Partiyası bu günlərdə otuz illik yubileyini qeyd edir. Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun daha da təkmilləşir, yeniləşir, tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, monolitliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin priotiteti kimi saxlayaraq yeni-yeni hədəflərə doğru inamla irəliləyir və lider-ideya-təşkilat triadasının ən samballı təzahürü kimi çıxış edir.

Lider

Tarixi təcrübə də, politoloji araşdırmalar da təstiq edir ki, siyasi lider aşağıdakı mühüm keyfiyyətlərə malik olmalıdır:

-        yüksək intellekt: Prezident İlham Əliyevin yüksək intellekti, dərin zəkası hətta ən qatı rəqiblər və opponentləri tərəfindən etiraf edilən “a priori” bir həqiqət, obyektiv gerçəklikdir. İstər beynəlxalq hüquq, istər sosial-iqtisadi məsələlər, istərsə də ictimai həyatın elə bir sferası yoxdur ki, dövlət başçımızın bilik və informasiya dairəsindən kənarda qalsın. Misal üçün ikili debatda əcnəbi moderator və jurnalistlərin qarşısında Ermənistanın Baş naziri N.Paşinyana keçdiyi “tarix dərsi” yəqin ki, hələ uzun illər yaddaşlardan silinməyəcək.

-        siyasi situasiyanı hiss və təhlil etmək bacarığı: Bu gün nəinki region, bütün dünya geopolitik bir məkan olaraq operativ əməliyyat meydanını xatırladır. Regional güc mərkəzlərinin qlobal super dövlətlərlə dünyanı yenidən bölüşdürmək onu yenidən bir əsr əvvəlki kimi çoxqütblü etmək cəhdləri ara vermir. Belə mürəkkəb beynəlxalq şəraitdə dünyada baş verən prosesləri uğurla təhlil etmək, situasiyadan qlobal inkişafın obyektiv inkişaf meyllərindən baş çıxarmaq yalnız böyük analitik zəkaya, dərin siyasi intuisiyaya malik liderə nəsib olur. “Nəyi, nə vaxt, necə” etməyi hamıdan yaxşı bilən və strateji planlaşdırmasını bacaran Cənab İlham Əliyevin simasında biz nəinki prosesə uyğunlaşan, hətta onu avantaja, üstün fürsətə çevirərək ölkəsinin uğurlu müharibə nəticəsində ərazi bütövlüyünü bərpa edən müzəffər lider obrazını görürük.

-        xarizma: Xarizma ən sadə izahıyla xalqın öz liderinə sonsuz etibarını, istənilən situasiyadan xalqın mənafeyini qorumaqla uğurlu həll yolu tapacağına dərin inamını ehtiva edir. Bu ümumxalq inamının əbəs olmadığını öz əməli fəaliyyəti ilə dövlət başçımız dəfələrlə təstiq və sübut edib.

-        tərəfdarları arasında populyarlıq: Cənab İlham Əliyevin təkcə seçkilərdə aldığı səslər ( adətən doxsan faizin üzərində olur) onun nəinki tərəfdarları, bütövlükdə xalqın ən geniş  təbəqələri arasında sadəcə populyar deyil, həm də alternativsiz lider olduğu faktını təkrar-təkrar konstatasiya edir. Dövlət başçısının ardıcıl yüksələn siyasi reytingi fonunda radikal müxalifətin sinxron olaraq marginallaşması məhz bu amillə izah edilməlidir.

-        natiqlik bacarığı: İstər daxili auditoriya, istər beynəlxalq tədbirlərdə Cənab Prezidentin çıxışları böyük diqqət və maraqla qarşılanır və təhlil edilir. Bu sadəcə həmin çıxışların geniş və məzmunlu olması ilə deyil, həm də cənab İlham Əliyevin yüksək natiqlik bacarığı, istənilən sayda auditoriyaya xitabət məharətinin aydın göstəricisidir.

-        idarəetmə metodlarını bilməsi: İdarəetmə sahəsinin istənilən sferasında durğunluq, günün tələblərinə ayaq uydurmama hiss olunduğu zaman Cənab Prezident dərhal müdaxilə edərək həmin sektorda ciddi islahatlar proqramını gündəliyə gətirir. İdarəetmənin bütün forma və metodlarını dərindən bilən lider kimi hər zaman vəziyyəti nəzarətdə saxlayır, mövcud problemin optimal həllinə nail olur.

-        insanları təşkilatlandırmaq və ardınca aparmaq qabiliyyəti: Təkcə 44 günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın bu xüsusiyyətinin hazırda dünya liderləri arasında belə az rastlanan bir keyfiyyət kimi hansı yüksək səviyyədə olduğundan xəbər verdi. İnsanlarımız bir nəfər kimi, bir ordu kimi bütünləşərək KİV-də dövlət başçısının hər bir sözünü, hər bir tezisini məsul bir əmr, tapşırıq, qələbəyə aparan “yol xəritəsi” kimi dinlədi və icra etdi. Bütün müharibə ərzində bir nəfər fərari belə ortaya çıxmadı, əksinə xalq kütləvi şəkildə hərbi səfərbərlik idarələrinə axın etdi. Xalqımızın ən böyük resursu sahib olduğu müsbət mənəvi keyfiyyətlərdir və yalnız cənab İlham Əliyev kimi lider bu böyük potensialı öz ətrafında səfərbər edə bilərdi.

-        sözlərinə, əməllərinə və siyasi qərarlarına görə məsuliyyət daşıma: “ Bizim sözümüz imzamız qədər keçərlidir”. Düşünürəm ki, təkcə bu fikir Möhtərəm Prezidentimizin siyasət fəlsəfəsinin, liderlik xarizmasının açarıdır. Təsadüfü deyil ki, bütün iri Qərb şirkətləri beynəlxalq konsorsiumların iştirakçıları Azərbaycana etibarlı tərəfdaş, ciddi tərəf müqabili kimi yanaşır və bu da öz növbəsində ölkəmizin dünyadakı imicinə mühüm töhfə verir.

Beləliklə, müasir, güclü lider xarakteri kimi cənab İlham Əliyev insanların əsas ehtiyaclarının və dünyadakı inkişafın obyektiv tendensiyalarına əsaslanan istiqamətverici, cəmiyyətdə zəruri müsbət dəyişikliklərin həyata keçirilməsi üçün vətəndaşları sosial-iqtisadi cəhətdən stimullaşdıran səfərbəredici, ən müxtəlif maraq qruplarını ictimai ideallar və dəyərlər ətrafında birləşdirən inteqrativ, xalqın siyasi təşkilatlanmasını möhkəmləndirmək naminə cəmiyyətin ən müxtəlif təbəqələr ilə birbaşa ünsiyyət quran kommunikativ funksiyalarını uğurla yerinə yetirərək rəhbərlik etdiyi dövləti və siyasi təşkilatı yeni zəfərlərə doğru aparır.

İdeya

Siyasi partiya ən sadə izahıyla, konkret sosial təbəqələrin maraqlarını ifadə edərək ideoloji sistemləşdirən və hakimiyyətə gəlməyə çalışan təşkilatlanmış həmfikirlər qrupudur. Politoji kateqoriyalarla təhlil etsək YAP-ı fərqləndirən bir sıra xüsusiyyətlər gələcək tətqiqatçılar üçün də maraqlı mənbə rolunu oynayır.

Belə ki, ideologiya siyasətin müxtəlif subyektlərinin- millət, sinif, partiyalar, ictimai hərəkatların mənafelərini ifadə edən və xüsusi maraqları ümumi kontekstdə çatdıran konseptual olaraq formalaşmış ideyalar sistemidir.

Bu baxımdan, YAP-ın ideoloji doktirinasının əsasında dayanan sağ mərkəçilik cəmiyyətin tədricən və təkamül yoluyla inkişafını nəzərdə tutan ictimai-siyasi cərəyandır. Onun siyasi-fəlsəfi təməlini təşkil edən mühafizəkarlıq isə cəmiyyətin əsrlərdən bəri formalaşmış ənənəvi dəyər və normalarına, milli-dini və sosial doktirinalarına ideoloji bağlılığı ifadə edir. Başlıca məqsəd tarixin sınağından çıxmış ictimai, etik və mənəvi institutlarının qorunmasına əsaslanır. Ulu Öndərin də, Prezident İlham Əliyevin də, I vitse-prezident Mehriban xanım Əliyevanın da milli-mənəvi dəyərlərimizə göstərdiyi həssas münasibət məhz bu ideloji aspektdən böyük məna və önəmə malikdir.  Ana dilimizə münasibət, milli, musiqimizə, tarix-mədəniyyət abidələrinə, dini qurumlara göstərilən böyük diqqət və qayğı milli şüurun yüksəlişinə, vətənpərvərliyin təbliğinə verilən ən ali töhvələrdir.

İnkişaf o zaman hərtərəfli tərəqqiyə çevrilir ki, vətəndaşlar onu bilavasitə öz üzərində hiss etsin. Bu baxımdan, sosial mühafizəkarlıq bu cərəyanın elə bir növüdür ki, dövlətin iqtisadi fəaliyyətlərə müdaxiləsini və tənzimləməsini onun funksiyalarından biri kimi görür və müdafiə edir. Liberal bazar münasibətlərini iqtisadi inkişafın əsası kimi qəbul etsə də, hər il dövlət büdcəsinin təxminən əlli faizinin sosial xərclərə ayrılması məhz bu düşüncənin reallıqda inikasıdır. Habelə, təsadüfi deyil ki, ölkəmizdə qoyulan investisiyaların strukturunda dövlət investisiyaları mühüm yer tutur.

Təşkilat

Sosial gerçəkliklərə münasibət baxımından YAP revolyusyoner yox, cəmiyyətin mərhələli və tədricən inkişafına nail olmağa çalışan reformist siyasi təşkilatdır. Çünki YAP Sovet İttifaqının dağılması və müstəqil dövlətin yaranması kimi inqilabi proseslərin labüd nəticələrini müşahidə edərək  zəruri nəticələr çıxarmağı bacaran görkəmli lider və ideoloq Heydər Əliyev tərəfindən yaradılmışdır. Keçilən yol, yaşanmış ağır dərslər, saxta inqilabçıların ölkəni gətirdiyi xaos xalqın yeni bir inqilaba tab gətirməyəcəyini, əksinə böhranın idarə oluna bilməməsi səbəbindən itirilmiş torpaqlarla bərabər müstəqilliyin də əldən gedəcəyini göstərirdi. Ona görə də cəmiyyətdə və dövlətdə inkişafa nail olmanın yeganə yolu insanları qütblərə və cəbhələrə ayıran inqilabi sıçrayışları birmənalı şəkildə rədd edərək, vətəndaş həmrəyliyini, milli birliyi təmin edən yeni ideloji paradiqma irəli sürərək islahat və təkamüldən çıxış etməli idi. Bu baxımdan əsas ideloji xətt olaraq sağ mərkəzçilik də, azərbaycançılıq da təsadüfi seçim deyildi.

Üzvlük xarakterinə görə sintetik bir struktura malik olan YAP yüksək professional rəhbərlik tərəfindən idarə olunan kadr partiyası olmaqla yanaşı, xalqın geniş kütlələrini öz sıralarında birləşdirən, ictimai təbəqələrin siyasi maariflənməsini məqsəd kimi qarşıya qoyan, siyasi həyatda fəal və sistematik iştirak edən şaxələnmiş mərkəzi və yerli strukturlara malik olan kütləvi, hər bir partiya üzvünə konkret məsul funksiyalar müəyyənləşdirən və ciddi nizam-intizama söykənən mərkəzləşmiş partiyadır.

Yaranma tarixi baxımından sivil vətəndaşların birbaşa təşəbbüsü nəticəsində meydana çıxan böyük ictimai hərəkatdır. Xalqın geniş təbəqələrinin arzu və istəklərinin ifadəsi olan “91”-lərin müraciəti bunun əyani sübutudur.

İdarəetmə strukturundakı mövqeyinə görə seçkili orqanlarda yüksək təmsilcilik faizinə baxmayaraq sadəcə parlament partiyası deyil, eyni zamanda, ictimai həyatdakı fəal iştirakına görə avanqard tipli siyasi təşkilatdır. YAP dəqiq formalaşmış və daimi üzvlüyə malik təşkilati strukturuna görə klassik partiyalar tipologiyasına aiddir.

Qeyd olunduğu kimi, ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynadı. Cənab İlham Əliyevin YAP-ın I qurultayında (20-21 dekabr 1999-cu il) partiyanın sədr müavini, II qurultayında (21 noyabr 2001-ci il) partiya sədrinin birinci müavini, III qurultayında (26 mart 2005-ci il) isə partiyanın sədri seçilməsi təşkilatın həyatında böyük tarixi hadisə oldu və Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. 2021-ci il mart ayının 5-də keçirilən VII qurultay isə istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi.

Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda keçirilmişdir. Bu qurultay zamanı Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra mühüm qərarlar qəbul edildi. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədar idi. Yeni milli çağırışlar həm partiyanın struktural formasında, həm də kadr komplektləşdirilməsində yenilənmə tələb edirdi ki, bu da daha çevik və daha səmərəli fəaliyyətin təmin edilməsi zərurəti ilə bağlı idi. Partiyamızda baş verən bu dəyişikliklər ilk növbədə onun fəaliyyətinin funksionallığını daha da artırdı və bu da bütövlükdə siyasi sistemimizdə yeni canlanma yaratdı.

Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən dövr həm ölkəmizin, həm də partiyamızın həyatında mühüm uğurlarla yadda qaldı. Qurultayda qəbul edilən qərara əsasən 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə çatdırıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edildi. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir.

Yeni Azərbaycan Partiyası hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı üçün demokratik dəyərlərə böyük əhəmiyyət verir. Partiya hesab edir ki, demokratik siyasi münasibətlər dövlətin tərəqqisini şərtləndirən vacib amillərdəndir. Azərbaycanda aparılan genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsində, iqtisadiyyatın inkişafında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xalqımızın milli-mədəni irsinin və dəyərlərinin qorunmasında böyük əhəmiyyət kəsb edir. Bu islahatlar Azərbaycanın gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur.

Yeni Azərbaycan Partiyasının proqramında partiyadaxili münasibətlərin və partiya fəaliyyətinin əsasları dəqiq şəkildə müəyyənləşdirilir, onların peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik kimi meyarlara söykəndiyi göstərilir. Qeyd olunur ki, Azərbaycan xalqının maraqlarına cavab verən və mütərəqqi xarakter daşıyan müasir dəyərlərdən bəhrələnmək Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsaslarından biridir. Partiya digər siyasi təşkilatlarla və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın demokratik prinsiplər əsasında möhkəmlənməsinə üstünlük verir. Proqramda Azərbaycanı tərəqqiyə aparan Heydər Əliyev irsinin indiki və gələcək nəsillər üçün zəngin xəzinə, Vətənə, xalqa və dövlətə xidmət nümunəsi olduğu bildirilir. Xüsusilə gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında Ulu Öndərin irsinin təbliğinin vacibliyi göstərilir.

Bütün bunlar sübut edir ki, indiyədək iştirak etdiyi bütün səviyyələrdə seçkilərdə (prezident, parlament, bələdiyyə) qalib gələn Yeni Azərbaycan Partiyası perspektiv hədəflərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyasının yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, realist vizyon və məsul missiyanı birləşdirir. İnanırıq ki, onların qorunması və yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, onun dünya birliyində mövqeyini daha da möhkəmləndirəcəkdir.