Xəbərlər
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə «Daşkəsən» qəzetinin xüsusi buraxılışı nəşr edilib
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü respublikamızın bütün guşələrində təntənəli şəkildə qeyd olunub. Daşkəsən rayonunda da Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Eyni zamanda, rayonun «Daşkəsən» qəzetinin bu münasibətlə xüsusi buraxılışı nəşr edilib.
Nəfis tərtibatda çap olunmuş nəşrdə Ulu öndərin titanik fəaliyyətindən bəhs edən məqalələr, həyat və fəaliyyətinin müxtəlif məqamlarına dair yazılar verilib.
Xüsusi buraxılışda Ümummilli lider Heydər Əliyevin 1969-cu ildə Azərbaycan Respublikasına ilk dəfə rəhbərliyə gəlməsi, müstəqillik illərinədək dövlətimizin sosial-iqtisadi və mədəni inkişafı naminə həyata keçirdiyi işlər haqqında məlumatlar yer alıb. Eyni zamanda, xüsusi buraxılışda Daşkəsən rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirilən möhtəşəm ümumrayon tədbirinə də geniş yer verilib. Belə ki, tədbirdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlının, Daşkəsən rayonu İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və digər şəxslərin Ulu öndərimiz haqqında fikirləri özünün əksini tapıb.
Nəşrdə həmçinin, Daşkəsən rayonunda 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağında rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin məruzəsi də təqdim olunur. Məruzədə Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin bölgələrinin, o cümlədən Daşkəsən rayonun sosial-iqtisadi inkişafından, rayondakı quruculuq işlərindən geniş söhbət açılır.
«Daşkəsən» qəzetinin xüsusi buraxılışında həmçinin, YAP Daşkəsən rayon təşkilatının Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə keçirdiyi tədbirlərə də geniş yer verilib. Nəşrdə rayonun inkişafını əks etdirən müxtəlif yazılar da təqdim olunub.
Ümumiyyətlə, «Daşkəsən» qəzetinin xüsusi buraxılışı Ulu öndərin Azərbaycanın tərəqqisinə, dövlət müstəqilliyinin daha da möhkəmlənməsinə yönəlmiş parlaq fəaliyyəti barədə dolğun təsəvvür yaradır.