YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Mənim üçrəngli şanlı bayrağım”

Xətai rayonunda Dövlət Bayrağı Gününə həsr olunan bu adda şeir müsabiqəsinin qalibləri mükafatlandırıldı

Noyabrın 11-də  Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və Bakı Şəhər  Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə  9 Noyabr-Dövlət Bayrağı Günü  münasibətilə paytaxtın orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim üçrəngli şanlı bayrağım” mövzusunda təşkil edilən şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

Tədbirdən öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin  və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Mərasim iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini canlı ifa etdilər.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə milli kimliyimizin,  qürurumuzun rəmzi olan üçrəngli, aylı-ulduzlu Bayrağımızın Azərbaycanın hər bir uğurunun  bələdçisi olmasından bəhs etdi: «Bayrağımız sevincimizin ilk şahidi, qələbə müjdəçisi sayılır. Dövlət rəmzimiz olan Himnimizdə  də ölkə vətəndaşlarına üçrəngli bayrağımızla məsud yaşamaq, xalqımıza daim ucalmaq istəyi  arzulanır. Harada Azərbaycan Bayrağını görürüksə, orada ölkəmizi görürük. Bu, o deməkdir ki, bayrağımız varlığımızdır. Dünya ölkələrinin bayraqları arasında Azərbaycan Bayrağını görmək böyük qürurdur. Qalibiyyət rəmzi olan bayrağımız  iki ildir işğaldan azad edilmiş torpaqlarımızda, Azərbaycanın döyünən ürəyi, Qarabağın tacı Şuşamızda dalğalanır.”

Müsabiqənin əhəmiyyətindən bəhs edən Vüqar Rəhimzadə müasir müstəqil Azərbaycan  dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin “Gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır”, Ulu Öndərin layiqli davamçısı, Prezident İlham Əliyevin “Azərbaycan gəncləri vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır” çağırışlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, dövlət rəmzlərinə hörmətlə, ehtiramla yanaşmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bu səpkili müsabiqələr gənclərə milli ruhun aşılanmasında mühüm rol oynayır.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş sektorunun müdiri  Samir Əhmədov  müsabiqə barədə  məlumat verdi. Bildirdi ki, şeir müsabiqəsi 3 noyabr tarixində keçirilib. Müsabiqədə  70-ə yaxın məktəbli iştirak edib. Münsiflər heyətinin qərarına əsasən  iki yaş qrupu -  5-8, eyni zamanda, 9-11-ci siniflər arasında qaliblər müəyyən olunub. Hər iki yaş qrupu üzrə I, II, III yerlər  müəyyənləşdirilib  və  beş şagird  fərqlənmə yerinə layiq görülüb. 

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Rafiq İsayev bayrağımızın tarixindən  bəhs etdi. Bildirdi ki, Azərbaycanın varlığının, müstəqilliyimizin  rəmzi olan üçrəngli  bayrağımız  beynəlxalq təşkilatların mənzil-qərargahlarının qarşısında qürurla dalğalanır. Hər bir beynəlxalq səviyyəli yarışlarda Azərbaycan bayrağının yüksəklərə qaldırılması ölkəmizin müstəqilliyinin,  varlığının  təqdimatıdır. Bu gün bayrağımız işğaldan azad edilmiş torpaqlarımızı bəzəyir.  

Rafiq İsayev qalibləri təbrik etdi, onlara daim bayrağımızın altında birləşərək həmrəy olmağı, Vətəni sevməyi, dövlət rəmzlərinə hörmətlə yanaşmağı arzuladı.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini  Aydın Yusifov Dövlət Bayrağımızın vətəndaşlarımızın  milli birliyinin, həmrəyliyinin, vahid məfkurə ətrafında  sıx birləşməsinin  rəmzi olduğunu bildirdi: “Bayrağımız millətin varlığının sübutudur. Bu gün biz bu birliyi, həmrəyliyi  müsabiqəyə qatılan məktəblilərin timsalında aydın görür və bundan böyük qürur hissi keçiririk. Bayrağımız hər zaman ucalarda dalğalansın.”

Müsabiqədə  qiymətləndirməni həyata keçirmək üçün  yaradılan münsiflər heyətinin üzvü Əhməd Məmmədov vurğuladı ki, bu  mövzuda müsabiqəyə qatılmaq hər bir məktəbli üçün böyük şərəfdir. Müsabiqədə cəmi 16 nəfər mükafata layiq yerlər tutsa da hesab edirik ki, iştirak edən 70 nəfər iştirakçının hər biri qalibdir.  Dövlət rəmzlərinə hörmətlə  və ehtiramla yanaşmağa çağırışı özündə əks etdirən belə  müsabiqələr məktəblilərdə  vətənpərvərlik hissini daha da artırır. Tarixi Zəfərimizin qazanılmasında başlıca amillər olan Vətən, torpaq sevgimiz beynəlxalq səviyyədə vurğulanır, təqdir edilir. 

Sonra müsabiqənin qaliblərinin adları elan edildi. Onlara diplomlar və hədiyyələr təqdim olundu.  Xatirə şəkli çəkdirildi.