YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soçidə növbəti diplomatik qələbə

Anar Məmmədov

Milli Məclisin deputatı

Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində əvvəlcə bu ölkənin lideri Vladimir Putinlə təkbətək, sonra isə Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün nəticəsi dövlət başçısının qətiyyətli xarici siyasətinin növbəti təntənəsi kimi qiymətləndirilməlidir. Soçi görüşündə bir daha kimin qalib, kimin isə məğlub olduğu həqiqəti açıq-aşkar hiss olundu. Regionda sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması vahid yanaşma kimi qəbul edildi. 

Dörd saata yaxın davam edən görüşün yekunu olaraq qəbul edilən birgə bəyanatda Azərbaycanın mövqeyi tam şəkildə əks olundu. İmzalanmış sənəddə əks olunan məqamlara əsasən əminliklə demək olar ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olub və üçtərəfli görüşün nəticələri müsbət qiymətləndirilir. Xüsusilə də qeyd olunmalıdır ki, hər hansı bir şərt qoyulmadan Azərbaycan Prezidentinin mövqeyi sənəddə öz əksini tapıb. Bəyanatda Qarabağ ifadəsinin olmaması da rəsmi Bakının Soçi görüşündə qarşısına qoyduğu bütün məqsədlərə tam nail olduğunu göstərmiş oldu.

Üçtərəfli görüşdən öncə dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı ilə keçirdiyi görüş, müzakirə olunan məsələlər iki ölkə arasında münasibətlərin aydın ifadəsini yaradır. Belə ki, Azərbaycan 30 ilə yaxın dövrdə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyadan problemin həllində daha yüksək fəallıq, ədalətli yanaşma gözləyib. Liderlərin təkbətək görüşləri zamanı da Azərbaycan Prezidenti bərmənalı şəkildə vurğuladı ki, Qarabağ münaqişəsi artıq tarixdir. Münaqişə iki il əvvəl həll edilib və buna görə də bununla bağlı müzakirə ediləcək heç nə yoxdur. Ölkə başçısı  həmçinin qeyd etdi ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.

Ümumilikdə, iki ölkə arasında strateji tərəfdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan və Rusiya Prezidentləri arasında etibar və dostluğun olması hər iki dövlət başçısının açıq siyasət yürütməsi ilə bağlıdır. Vladimir Putinin İlham Əliyevə hörmət və ehtiramla yanaşması və Azərbaycan Prezidentinin regionun gələcəyi ilə bağlı bu vaxta kimi səsləndirdiyi fikirlərin Soçi Bəyanatında öz əksini tapması proseslərin rəsmi Bakının iradəsindən kənarda inkişaf etmədiyinin göstəricisidir. Ümumiyyətlə, tərəflər qarşılıqlı əlaqələrin bütün istiqamətlər üzrə inkişaf səviyyəsinin yüksəldilməsində maraqlıdırlar. İki ölkənin dövlət başçılarının, hökumət nümayəndələrinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, müzakirə olunan məsələlər də əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Rusiya və Azərbaycanı həm də bir-birinə tarixi, siyasi, mədəni tellər bağlayır. İllər keçdikcə münasibətlərin inkişafı üçün yeni prioritetlər müəyyənləşdirilir, birgə səylər göstərilir. Ölkələrimiz arasında ticarət dövriyyəsi yüksəlir, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə çox böyük maraq diqqəti xüsusilə cəlb edir. 

Beləliklə, keçirilən görüşlər, imzalanan sənədlər Prezident İlham Əliyevin rəhbərliyi ilə hərb və sülh meydanında paralel fəaliyyətin uğurlu nəticəsi kimi dəyərləndirilməlidir. Artıq hərb meydanında aldığı “dəmir yumruğ”un zərbəsinin ardından diplomatiya çərçivəsində əksər dövlətlərin haqqın yanında olması rəsmi İrəvanı çıxılmaz vəziyyətə salıb. Azərbaycan isə dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı genişləndirərək, regionda əbədi sülhün memarı olduğunu təsdiqləyir.

DİGƏR Xəbərlər Arxiv