Xəbərlər
Türkiyə parlamenti Azərbaycandakı hərbçilərin xidmət müddətini daha bir il uzadıb
Türkiyə Böyük Millət Məclisi Azərbaycanın Ağdam rayonunda xidmət edən türk hərbçilərinin xidmət müddətinin daha bir il uzadılması ilə bağlı sənədi təsdiqləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ratifikasiya üçün parlamentə göndərilən sənəddə 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı rəşadətli hərbi Qələbə və ondan sonrakı proseslərdən bəhs olunur.
Diqqətə çatdırılır ki, beynəlxalq hüququn və suverenlik haqlarının təməlində ərazi bütövlüyü daxil olmaqla bütün haqlarını müdafiə etməsi üçün prosesin əvvəlindən Azərbaycana güclü dəstək verən Türkiyə bölgədə sülh və sabitliyin qorunub güclənməsi, iqtisadi infrastrukturun qurulmasına və bərpasına mühüm töhfələr verməkdə davam edir.
Sənəddə, o cümlədən Azərbaycan və Türkiyə arasındakı strateji ortaqlıq və qarşılıqlı yardım haqqında anlaşmaların mövcudluğu xatırlanır.
Qeyd edək ki, Ermənistan işğalından azad olunmuş Ağdam rayonunun ərazisində inşa edilən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin açılışı 2021-ci il yanvarın 30-da həyata keçirilib.
Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidməti, inzibati və yaşayış otaqları var. Bütün otaqlar zəruri avadanlıqlar, su, elektrik və istiliklə təmin olunub. Burada hər iki tərəfin birgə istifadəsi üçün ümumi monitorinq mərkəzi, brifinq zalı, 100 nəfərlik yeməkxana, tibb məntəqəsi, camaşırxana, bərbər, dərzi, mağaza da var.