Xəbərlər
IDEA İctimai Birliyi “Sevincini bölüş” kampaniyasına başlayır
IDEA İctimai Birliyi tərəfindən Bakıda istifadəsiz oyuncaqların ianə verilməsi üzrə “Sevincini bölüş” xeyriyyə kampaniyasına start verilir. Kampaniya çərçivəsində şəhərin müxtəlif yerlərində xüsusi ianə qutuları yerləşdiriləcək, onlara toplanan oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara təqdim ediləcək.
Oyuncaq ianələrinin qəbulu üçün ilk belə qutu bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Gənclik Mall ticarət mərkəzində istifadəyə verilib.
Sözügedən qutulara insanlar övladlarının artıq istifadə etmədikləri və paylaşmaq istədikləri oyuncaqları yerləşdirə bilər. Bu cür xeyriyyə məqsədli təkrar istifadə qutularının yaxın vaxtlarda Bakının digər münasib yerlərində də quraşdırılması planlaşdırılır. İanə qutularına toplanan oyuncaqlar mütəmadi olaraq müxtəlif xeyriyyə təşkilatları və paylanma məntəqələri vasitəsilə uşaqlara paylanacaq.
Məlum olduğu kimi, tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verən IDEA İctimai Birliyi tərəfindən bu istiqamətdə genişmiqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantılarının, işlənmiş batareyaların toplanaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanaraq təkrar istifadəyə göndərilməsi üzrə layihələr həyata keçirilir.
Digər məhsullar kimi, yüksək tələbata malik olan oyuncaqların da tullanması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərər ilə bağlıdır.
Bu xüsusda, IDEA İctimai Birliyi səhərimizin sakinlərini öz “sevincini bölüşməyə”, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda həmin oyuncaqlara “ikinci həyat” verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara atmaqdan öncə təmizlənməsi, qutulara kənar əşyalar və ya tullantılar atılmaması xahiş edilir.