Xəbərlər
Ziyad Səmədzadə: Mərkəzi Bankı haqqında qanuna edilən əlavə və dəyişikliklər zəruri məsələləri özündə əks etdirir
“Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” qanuna edilən əlavə və dəyişikliklər zəruri məsələləri özündə əks etdirir. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, dəyişikliklərə əsasən Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydalar dəyişdirilir, yeni öhdəliklər müəyyənləşdirilir. Onun sözlərinə görə, qanunun 10.3-cü maddəsinə edilən dəyişikliyə əsasən, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15%-i miqdarında müəyyən edilməyəcək.
«Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Bundan başqa, qanuna bu 13.2-ci maddə əlavə edilir ki, xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur. Eyni zamanda, 14.2-ci maddəyə edilən dəyişikliyə əsasən isə, Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək»- deyə, komitə sədri vurğulayıb.