Xəbərlər
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 72 dəfə pozub
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 72 dəfə pozub.
Ermənistanın İcevan rayonunun Vazaşen kəndində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə məruz qalıb. Berd rayonunun Ayqepar və Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Yarımca, Göyarx, Çiləbürt, Ağdam rayonunun Şuraabad, Şıxlar, Yusifcanlı, Kəngərli, Qaraqaşlı, Baş Qərvənd, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Düşmən cavab atəşi ilə susdurulub.