Xəbərlər
Hadi Rəcəbli: İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir
«İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir. Bu fakt xüsusilə, Prezident İlham Əliyevin şəxsiyyətinin böyüklüyünün təzahürüdür. Məhz bu amillərə görə, belə bir mötəbər tədbirin keçirilməsi Azərbaycana etibar edilib. Digər vacib məqam odur ki, bu oyunlara hazırlaşmaq baxımından müddət rekordu vururuq. Hardasa, 2,5 il ərzində bu Oyunlara hazırlaşdıq. Dünyada isə hələ indiyə qədər belə göstərici olmayıb». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
H.Rəcəbli bildirib ki, Azərbaycanda nə tikilirsə xalqımız üçündür, çünki insanlara xidmət göstərir. Onun sözlərinə görə, idman kompleksləri, yolların abadlaşması, şəhərlərin inkişafı, turizm obyektləri və digər infrastrukturlar uzun illər xalqın xidmətində olacaq.
«Eyni zamanda, turizmin inkişafına da geniş imkanlar yaranacaq. Bütün bunlar həm də, Azərbaycanın reklamıdır. Çünki xaricdən gələn qonaqlar Azərbaycanın nailiyətlərini dünyada təbliğ edəcəklər. Digər vacib məqam odur ki, bir daha Azərbaycan özünü dünyaya dostluq, qardaşlıq, barış məkanı kimi təqdim edəcək. Bütün dünya bu reallığın şahidi olacaq. Bunlardan əlavə, müvafiq sahələr üzrə kadrların yetişdirilməsi baxımından da bu tədbirin əhəmiyyəti qeyd olunmalıdır. Çünki vaxtilə müxtəlif sahələr üzrə mütəxəssislər xaricdən dəvət olunurdu, amma indi həmin mütəxəssislər, kadrlar ölkəmizdə yetişdirilir. Onu da deyim ki, ilk Avropa Oyunları ölkəmizdə idmanın kütləviliyinə də müsbət təsir edəcək»- deyə, komitə sədri vurğulayıb.