Xəbərlər
Zəngilanda ilk bayraq ucaldan Vətən Müharibəsi Qəhrəmanı
Ağstafada Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda canından keçən Vətən Müharibəsi Qəhrəmanı Yusifli Azər Nazim oğlunun şəhadətinin ildönümü münasibətilə məzarı ziyarət olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, RİH-in məsul işçiləri, Ağstafa rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin ailə üzvləri, hərbçilər, partiya fəalları və rayon ictimaiyyətinin nümayəndələri rayonun Böyük Kəsik kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla anıblar.
Daha sonra tədbir iştirakçıları şəhid Azər Yusiflinin ailə üzvlərini ziyarət edərək, onlara dərin hüznlə başsağlığı verib, ailənin qayğıları ilə maraqlanıblar.
Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidin ailə üzvləri dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azər Yusifli 2020-ci il oktyabr ayının 21-də Vətən müharibəsi döyüşlərində şəhidlik zirvəsinə yüksəlib. Azər Yusifli Zəngilan azad olunandan sonra şəhərə Azərbaycan bayrağını sancıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən o, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.