YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qubadlı yenidən qurulur

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Azərbaycan Respublikasının cənub qərbində yerləşən Qubadlı rayonu 27 il erməni işğalında qaldı. Ermənistan işğalda saxladığı digər ərazilərdə olduğu kimi Qubadlı rayonu ərazisində də talançılıqla məşğul olmuş, bütün maddi-mədəni infrastrukturu yerlə yeksan etmişdir. Belə ki, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Əlverişli təbii-coğrafi mövqeyi olan Qubadlı rayonunda əkinçilik üçün daha geniş imkanlar vardır. İşğala qədər də rayon ərazisində çoxillik bitkilərin becərilməsi və üzümçülük üstünlük təşkil etmişdir. Faydalı qazıntı ehtiyyatları yüksək olan Qubadlıda mişar daşı, yəşəm, mərmərləşmiş əhəng daşı, tuf daş, qum-gil və əqiq yataqları mövcuddur. Rayonun faydalı qazıntı ehtiyyatları da işğal dövründə Ermənistan tərfindən talan edilmişdir.

İşğal dövründə Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurmuş Ermənistan Xanlıq kəndində qanunsuz məskunlaşma apararaq xaricdən gətirilən erməniləri xaricdə yaşayan ermənilərin pulu ilə burada salınan qəsəbədə yerləşdirmişdir. Bu isə hərbi cinayət hesab edilir. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur.

Oktyabrın 20-də Zəngilan şəhəri azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi və rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalını təsis edərək döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusunu müvafiq Sərəncamları ilə bu medalla təltif etmişdir.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev üç dəfə Qubadlı rayonuna səfər etmiş və  2020-ci il 23 dekabr tarixində baş tutan ilk səfəri zamanı Azərbaycan bayrağını ucaltmışdır. 25 oktyabr 2021-ci ildə reallaşan ikinci səfər zamanı isə Xanlıq-Qubadlı yolunun təməli qoyulmuş, “Qubadlı” yarımstansiyasının və Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışları həyata keçirilmiş,  rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilmişdir. Ölkə başçısının üçüncü səfəri isə bir neçə gün öncə, oktyabrın 19-da olmuşdur. Səfər zamanı Prezident İlham Əliyev Qubadlı şəhərinin Baş planı, rayon ərazisində yaradılacaq “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin, həmçinin "Azərişıq" ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimlərində iştirak edib.

İşğaldan azad edilmiş digər ərazilərimiz kimi, Qubadlı rayonunda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaq. Ən müasir normalara uyğun olacaq rayonun Baş planında Qubadlının təbiəti, tarixi keçmişi, memarlığı, eləcə də 2050-ci ilə qədərki inkişaf dinamikası nəzərə alınacaq. Rayonda enerji istehlakı 40 meqavata hesablanmış yarımstansiya inşa olunacaq. Hazırda inşa olunan Zəngilan-Qubadlı-Laçın dördzolaqlı avtomobil yolu Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir. Bir sözlə, gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılan Qubadlı özünün yeni inkişaf dövrünü yaşayır.