Xəbərlər
Makronun erməni lobbisinə satıldığı açıq-aydın görünür
"Ermənistanın təcavüzkarlığına, Azərbaycanın torpaqlarının vandalizmə məruz qalmasına, bir milyona yaxın soydaşımızın öz yurd-yuvasından didərgin düşməsinə göz yumanlar, bu gün yenə də dövlətimizə qarşı öz qərəzli mövqelərini nümayiş etdirirlər". Bu haqda Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, politoloq Asif Əsgərli saytımıza Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan haqqında böhtan xarakterli fikirlərini şərh edərkən danışıb.
Asif Əsgərli deyib ki, Fransanın bu mövqeyi anlaşılmazdır: "Makron deyir ki, onu heç kim neft və qazla ala bilməz. Lakin onun bu gün erməni lobbisinə satıldığı açıq-aydın görünür. Bu adam vicadanı, ədaləti yaddan çıxararaq işğalçı Ermənistanın və onun lobbisinin alətinə çevirilib.
Azərbaycana qarşı sanksiyalar tətbiq etmək istəyən Fransa Senatı məgər 30 ilə yaxındır ki, Ermənistanın işğalçılıq siyasyətini görmürmü?! Belə bir ölkə ilə hər hansı münasibət qurmağa belə, dəyməz".
Politoloqun sözlərinə görə, Makrona ən layiqli cavabı Prezident İlham Əliyev 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasındakı çıxışında verib: "Cənab İlham Əliyev bildirib ki, Fransanın Ermənistanı atmayacağı kimi fikirlər iki dövlət arasındakı münasibətləridir. "Bundan sonra Fransa hökumətinin belə münasibəti ilə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”, - deyə dövlətimizin başçısı vurğulayıb. Bu, həmçinin Fransanın ATƏT Minsk qrupundakı fəaliyyətinin də yartımazlığının bir nümunəsidir. Qeyd edim ki, Fransa Prezidentinin son bəyanatları təkcə Azərbaycan deyil, bir çox dünya liderləri tərəfindən də tənqidlə qarşılanıb. Britaniya, ABŞ və Rusiya rəsmiləri də Emmanuel Makronun bəyanatlarını qınayıblar. Fransa bununla bir daha ikiüzlü, vədinə xilaf çıxan və qərəzli ölkə olaraq dünya siyasi gündəminə düşüb".