YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Türkiyə-Azərbaycan birliyini bərpa edilən Qarabağ və Şərqi Zəngəzurda da görürük

“Dünyanın diqqəti yenə də Azərbaycan-Türkiyə birliyinin növbəti təntənəsinə yönəldi. İki dost, qardaş, müttəfiq ölkənin –Azərbaycan və Türkiyənin Prezidentləri Qarabağın ardınca Şərqi Zəngəzurun hava qapısını dünyaya birgə açdılar. Birgə atılan bu addım özündə bir sıra çağırışları ehtiva etdi. Hər zaman bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin, həmrəyliyinin dünya üçün nümunə olduğu bir daha təsdiqləndi. İki qardaş ölkənin həmrəyliyini möhkəmləndirən əsas amillərdən biri hər iki dövlətin ədalətin, beynəlxalq hüququn yanında olması, ədalətsizliyə, ikili standartlara əsaslanan siyasətə “yox” deməsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayılda mətbuata bəyanatında işğaldan azad edilmiş torpaqlarımızda bir ildə iki hava limanının açılışında iştirak etməyin bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi iş olmadığını önə çəkməklə yanaşı, Cəbrayılda mənfur düşmınin törətdiyi dağıntılara diqqəti yönəldərək bu çağırışı etdi: “Mən Qardaşımdan soruşdum, dedim, bu ATƏT, Avropa İttifaqı buraları gəlib görmədimi? Yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər, Qərbin etdiklərini görəcəklər. Onlar burada dəstəklədikləri həmin işğal dövründə Cəbrayılı, Qarabağın digər bölgələrini nə hala gətirdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində, onlar nələr törədildiyini bilirlər.” Bu fikirlər ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən bəzi dünya güclərinə ciddi mesajdır.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

“Azərbaycan-Türkiyə birliyinin əbədiliyi, sarsılmazlığı Zəngilandan və Cəbrayıldan nümayiş olundu” söyləyən millət vəkili Şuşa Bəyannaməsini, həmçinin  Füzuli Beynəlxalq Hava Limanının açılışını xatırladaraq qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağa ilk səfər edən, həmçinin ilk uçuşu həyata keçirən  ölkə Prezidentidir: “44 günlük İkinci Qarabağ müharibəsi bu birliyi daha da möhkəmləndirdi. Müharibənin başlandığı andan qardaş ölkənin Prezidenti Azərbaycanın tək olmadığını, Türkiyənin yanında olduğunu bəyan etdi. Bu siyasi və mənəvi dəstək savaşın son gününə qədər davam etdi. Bu, ölkəmizə əlavə güc verdi, bəzi qüvvələrin bu məsələyə müdaxiləsinin qabağını aldı. Türkiyə-Azərbaycan birliyi bir daha zəfər çaldı. Hazırda Türkiyə-Azərbaycan birliyini bərpa edilən Qarabağda və Şərqi Zəngəzurda da görürük.”

“Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Zəngilanın işğaldan azad edilməsinin ikinci ildönümünü Azərbaycanla birlikdə qeyd edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cənab İlham Əliyevlə birlikdə Zəngilan rayonunda “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışında iştirak etdilər. Qarabağda iki dost ölkənin ilk investisiya layihəsi olan “Dost Aqropark”ın təməli ötən il Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakından sonra Zəngilana səfəri zamanı qoyulmuşdir. Rəcəb Tayyib Ərdoğanın oktyabrın 20-də reallaşdırdığı səfərdə mühüm addımlardan biri də Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, eyni zamanda, Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərində iştirakı oldu.  Bütün bu tədbirlər bir daha sübut edir ki, Azərbaycan və Türkiyə kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan bir millət, iki dövlətdir”,- deyə Malik Həsənov vurğulayıb.

Millət vəkili qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində Azərbaycan-Türkiyə birliyini görmək böyük qürurdur. Müzəffər Ali Baş Komandan tarixi  Zəfərimizdən dərhal sonra start verilən bərpa-quruculuq işlərində dost ölkələrin iştirakını arzuladığını bildirdi. Türkiyə şirkətləri bu işdə böyük fəallıq nümayiş etdirirlər: “Zəngilanda Beynəlxalq Hava Limanının açılışının  Azərbaycanın qəhrəmanlıq dastanından sonra indi də Qarabağın inkişaf dastanının yazılmasının bir göstəricisi olduğunu bildirən Rəcəb Tayyib Ərdoğan belə mühüm bir layihədə türk şirkətlərinin də yer almasını bir iftixar mənbəyi kimi dəyərləndirdi.”

Malik Həsənov mətbuata birgə bəyanatda Azərbaycan-Türkiyə dostluğunun, müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyanaməsinə də xüsusi diqqət yönəldildiyini bildirib: “Türkiyə-Azərbaycan birliyi bölgədə çox önəmli bir amildir. Bu birlik Şuşa Bəyannaməsi ilə əsl müttəfiqlik səviyyəsinə yüksəldi. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Şuşa Bəyannaməsi hər iki ölkənin xalqlarına gözaydınlığı, eyni zamanda, bütün dünyaya ciddi mesajdır.  Bu gün ölkəmizin hər bir guşəsində yanaşı dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin, xalqlarımızn birliyinin ən bariz nümayişidir. Bu, ürəkdən gələn duyğular, əcdadlarımızdan qalan miras, onların vəsiyyəti və zəmanəmizin tələbidir.”