Xəbərlər
Zəngilanın azad edilməsi zəfər tariximizin silinməz salnamələrindəndir
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
20 oktyabr 2020-ci il – Zəngilan şəhərinin işğaldan azad olunduğu tarixdir. 44 günlük Vətən Müharibəsində müzəffər ordumuzun qazandığı ən böyük uğurlardan biri də Zəngilan rayonunun düşmən tapdağından azad edilməsi idi. Bizi şanlı zəfərimizə bir addım daha da yaxınlaşdıran, sevincimizə sevinc qatan bu müjdəli xəbəri məhz Ali Baş Komandan, Prezident İlham Əliyev 20 oktyabr 2020-ci il tarixində xalqa müraciətində bildirmişdir. Bu tarixdə Zəngilan şəhəri ilə yanaşı rayonun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri də azad olunmuşdur. II Qarabağ müharibəsinin gedişində isə Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəklikləri və 52 kəndi Ermənistan işğalından azad olunmuşdur. Azad olunanın ərazilərə Azərbaycanın üçrəngli şanlı bayrağı sancıldı. Zəngilan döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu Arazboyu əməliyyatlarından biridir. Düz iki il bundan əvvəl Zəngilanın azad edilməsi və bununla bağlı 20 oktyabr tarixi də şanlı zəfər tariximizin silinməz salnamələrindəndir. Zəngilan rayonunun işğaldan azad edilməsinin həm tarixi, həm siyasi, həm də iqtisadi əhəmiyyəti isə sözsüz ki, danılmazdır. Belə ki, Zəngilan şəhərinin azad olunması nəticəsində İranla sərhəd nəzarətə götürüldü, Ermənistana gələ biləcək humanitar-hərbi yüklərin qarşısı alındı, Ordumuzun Zəngilanda olması düşmənin Qubadlı istiqamətində mühasirəyə salınması və qısa zamanda təmizlənməsinin yolunu açdı, bu, həm də Zəngəzur bölgəsinə nəzarət imkanı yaratdı. Zəngilanın azad olunmasının Qarabağın taleyinin həll olunması hesab edirlər. Çünki işğal olunmuş ərazilərə İrəvandan, eləcə də İrandan gələ biləcək yardımların qarşısı alınır, Ermənistanın blokadası gücləndirilirdi. Və beləliklə, rəşadətli ordumuz qısa bir müddətdə sadəcə şəhəri azad etməklə qalmadı, 132 kilometr Azərbaycan-İran sərhədini də bərpa etmiş oldular.
2020-ci il dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Zəngilan rayonunda səfərdə olublar. Ali Baş Komandan Zəngilan şəhərində şanlı Azərbaycan bayrağını ucaldıb. Zəngilan rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamları ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6972 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Zəngilanın azad edilməsi uğrunda canlarını fəda etmiş şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə Allahdan şəfa diləyirik.