Xəbərlər
Ankarada Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq sahəsində dinamik inkişafın istiqamətləri müzakirə olunub
Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Silahlı Qüvvələrin Hərbi Attaşelik Aparatının nümayəndələri ilə Türkiyə Hərbi Hava Qüvvələrinin Komandanı vəzifəsinə yeni təyin olunmuş ordu generalı Atilla Gülan arasında görüş keçirilib.
Hərbi attaşelik aparatından verilən məlumata görə, Ankarada keçirilən görüşdə Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyə Milli Müdafiə Nazirliyi arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Hərbi attaşe polkovnik Müşfiq Məmmədov 44 günlük Vətən Müharibəsi və işğaldan azad olunmuş ərazilərimizdə aparılan sürətli quruculuq işləri barəsində ordu generalı Atilla Gülana ətraflı məlumat verib. Vətən müharibəsində qazanılmış parlaq Qələbənin regionda yeni reallıqlar yaratdığını, dayanıqlı sülh və sabitlik üçün əlverişli şəraitin formalaşdığını, post-münaqişə dövründə bölgədə sülhün, təhlükəsizliyin və inkişafın təmin olunması üçün mövcud vəziyyəti diqqətə çatdıran hərbi attaşe Azərbaycanın sülhsevər mövqeyi və atdığı addımlardan, nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində görülən işlərdən bəhs edib.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında bütün münasibətlərin, o cümlədən hərbi əməkdaşlığın qardaşlıq və dostluq üzərində qurulduğu xüsusi vurğulanıb. Hər iki ölkə arasında müdafiə sahəsində işçi əlaqələrin və əməkdaşlığın davam etdirilməsinin zəruriliyi qeyd olunub.