Xəbərlər
Vətən üçün canından keçən “Azərbaycan Bayrağı” ordenli gizir
Lerik rayonunda 44 günlük Vətən müharibəsi şəhidi Həşimov Tərzan Qəhrəman oğlunun şəhadətinin ildönümü münasibətilə anım tədbiri keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri Bibiyoni kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Həmçinin Tərzanla eyni məzarlıqda uyuyan Vətən müharibəsi şəhidi Fərziyev Balaş İltizam oğlunun da məzarı ziyarət edilib.
Tədbir iştirakçıları rayonun Bibiyoni kəndində şəhidlərin əziz xatirəsinə inşa edilmiş bulaq kompleksini də ziyarət edib, Vətənin qəhrəman övladlarının əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, şəhid Tərzan Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonu Bibiyani kəndində anadan olub. Tərzan Həşimov 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində də iştirak edib və döyüş zamanı yaralanıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov Vətən müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Tərzan Həşimov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.