Xəbərlər
Fransanın Kann şəhərində Azərbaycanın “Sonuncu” filmi ilə bağlı mətbuat konfransı keçirilmişdir
Mayın 20-də Fransada 67-ci Kann kinofestivalı çərçivəsində festivalın əsas proqramına düşən Azərbaycan rejissorlarının lentə aldığı “Sonuncu” filminin yaradıcı heyəti yerli və xarici mətbuat nümayəndələri ilə görüşmüşdür.
“Buta Films” mətbuat xidmətindən bildirmişlər ki, filmin gənc prodüsserləri Nəsib Piriyev və Mariya İvanova jurnalistlərin suallarını cavablandırmışlar.
Bildirilmişdir ki, “Sonuncu” qısametrajlı bədii filmi 67-ci Kann kinofestivalının komitəsi tərəfindən əsas proqramda iştirak etmək üçün seçilmiş 9 filmdən biridir. Ümumiyyətlə, bu il müsabiqəyə dünyanın 128 ölkəsindən 3450 kinofilm təqdim olunmuşdur.
N.Piriyev Azərbaycan dövlətinin kino sənayesinə mühüm dəstək verdiyini və ölkəmizin böyük kino potensialının olduğunu vurğulamışdır. O, filmin yaradılmasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və “Azərbaycanfilm” kinostudiyasına minnətdarlığını bildirmişdir.
Sonra prodüsserlər filmin ərsəyə gəlməsindən və “Buta Films” şirkətinin gələcək planları haqqında danışmışlar.
Bildirilmişdir ki, “Sonuncu” («The Last One») qısametrajlı bədii filmi “Buta Films” şirkətinin və “Azərbaycanfilm” kinostudiyasının birgə istehsalıdır. Fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən bu 15 dəqiqəlik filmin çəkilişləri Bakının 120 kilometrliyində yerləşən Sura kəndində aparılmışdır.
“Sonuncu” filmi quruluşçu rejissoru Serqey Pikalovun dünyada sağ qalmış sonuncu İkinci Dünya müharibəsi veteranı barədə çəkdiyi qısametrajlı bədii filmdir.
Filmin quruluşçu operatoru Denis Madışevdir. Ekran əsərində veteran rolunu aktyor İdris Rüstəmov, gənc qonşu rolunu isə aktyor Corc Qafarov oynayıb.
Qeyd edək ki, bu film gənc prodüserlər Mariya İvanovanın və Nəsib Piriyevin bədii kino sənətində debütüdür. Buna qədər onlar sənədli film layihələri üzərində çalışmışlar.