YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Füzuli müasir bir şəhərə çevriləcək

Kamilə Əliyeva

Milli Məclisin deputatı, professor

Azərbaycanın ən böyük yaşayış məskənlərindən biri olan Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Ermənistanın işğalçı ordusu ilə mərdliklə vuruşan füzulililər 63 nəfər şəhid vermiş, 400 nəfər əlil olmuş, 181 nəfər əsir və itkin düşmüşdür. 1386 kvadrat kilometr ərazisi, 144 min əhalisi olan Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcabədi və Beyləqan rayonları ilə, eləcə də Araz çayı boyunca İranla həmsərhəddir. Füzulinin əsası 1827-ci ildə qoyulmuş və Qarabulaq adlandırılmışdır. 1930-cu ildə rayon təşkil olunmuş və Qaryağin, 1959-cu ildə isə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Füzuli adlandırılmışdır.

Işğala qədər Füzuli rayonu ərazisində qədim tarixi, mədəni abidələr, türbələr mövcud olmuşdur.  XIII - XIV əsrlərdə bu yurdun yerli sakinləri olan azərbaycanlılar tərəfindən tikilən qədim abidələr erməni vəhşilər tərəfindən dağıdılıb yerlə yeksan edilmişdir.

5 yanvar 1994-cü ildə Prezident, Ali Baş Komandan olmuş ulu öndər Heydər Əliyevin əmrinə əsasən Azərbaycan Ordusu uğurlu hərbi əməliyyat keçirərək Füzuli rayonunun 22 yaşayış məntəqəsini işğaldan azad etmişdir.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə əks hücum əməliyyatına başladı.  Vətən müharibəsinin elə ilk günü qəhrəman əsgər və zabitlərimiz bir neçə kəndimizi işğaldan azad etdi. 17 oktyabr 2020-ci il tarixində Azərbaycan silahlı qüvvələri Füzuli şəhəri də daxil olmaqla rayonun 62 kəndini işğaldan tam azad etdi.  Füzulinin işğaldan azad edilməsi ilə düşmənin müdafiə xətti demək olar ki, tamamilə dağıdıldı. Füzuli uğrunda aparılan döyüşlər Vətən Müharibəsində ən ağır, çətin döyüşlərdən idi.  30 il Ermənistan ordusu burada 5- 6 xətdən ibarət güclü istehkam qurmuşdular. Hərbi ekspertlər bu müdafiə xəttlərini yarmaq üçün istənilən orduya bir neçə ay vaxt lazım ola biləcəyini vurğulayırdılar. Azərbaycanın igid oğulları bütün dünyanı heyrətə sala biləcək böyük qəhrəmanlıq nümayiş etdirərək qısa müddətdə bu müdafiə xəttlərini tamamilə dağıtdılar.

2020-ci ilin noyabrınn 26-da "Füzulinin azad olunmasına görə"' medalı təsis edildi. Azərbaycan Ordusunun 25301 hərbi qulluqçusu Prezident İlham Əliyevin Sərəncamları ilə bu medalla təsis edilmişdir.

Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribat nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün beynəlxalq ekspertlərin də iştirakı ilə hesablamalar aparılcaq və ermənilər tərəfindən bu ziyanın ödənilməsi üçün beynəlxalq məhkəmələrdə vəsadət qaldırılacaq.

Təsdiqlənmiş Baş Plana uyğun olaraq Füzuli rayonu yenidən qurulur. Vətən Müharibəsi başa çatdıqdan sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 9 dəfə Füzuli rayonuna səfər etmişdir. Ölkə başçımız Füzulidə bir çox sosial obyektlərin, yaşayış evlərinin, eləcə də Füzuli - Şuşa avtomobil yolunun - Zəfər yolunun təməlqoyma mərasimlərində iştirak edib. Bu gün Füzulidə Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilmiş, təməlqoyma və açılış mərasimlərində ölkə başçımızın şəxsən özünün iştirak etdiyi Beynəlxalq Hava Limanı fəaliyyətə başlamışdır. Yaxın vaxtlarda Füzuli əvvəlki görkəmindən qat-qat gözəl və müasir bir şəhərə çevriləcək.