Xəbərlər
Vüqar Rəhimzadə: Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz
“Tarixi Zəfərimiz başa çatdıqdan sonra Azərbaycan bölgədə davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün sülh müqaviləsinin imzalanmasını təklif etdi. Avropa İttifaqının bu prosesdə vasitəçiliyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüsseldə bir neçə görüşünün keçirilməsi və gələn ay növbəti görüşün nəzərdə tutulması bu danışıqların nəticə verəcəyinə inamdan xəbər verir. Belə ki, Azərbaycanın irəli sürdüyü 5 təklif əsasında sülh müqaviləsinin imzalanacağına ümidlər artıb. Azərbaycan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərini yüksək səviyyədə yerinə yetirir və Ermənistandan da eyni addımları tələb edir. Təəssüflər olsun ki, işğalçı dövlətdə revanşist qüvvələr baş qaldıraraq sülh müqaviləsinin imzalanmasına mane olmağa cəhdlər edirlər. Dövlət başçısı İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr «Dəmir yumruğ»u unutmamalıdırlar. Hazırda postmünaqişə dövrünün reallıqlarının qəbul edilməsi ilə bağlı dünya güclərində də fərqli yanaşmalar diqqətdən kənarda qalmır. Bir sıra dövlətlər sözlə əməl birliyini nümayiş etdirərək bölgədə sülhün və təhlükəsizliyin yaradılması prosesinə dəstəklərini göstərməyə çalışır, digər qisim isə, xüsusilə Fransa kimi ermənipərəst mövqeli, hər zaman erməni sevgisini ortaya qoymaqdan çəkinməyən bəzi güclər sözdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında maraqlı olduqlarını bildirsələr də real addım atmaq zamanı gəldikdə tamamilə fərqli yanaşma ortaya qoyurlar. Bu günlərdə dünyanın diqqəti Praqaya yönələn zaman ənənəyə uyğun olaraq keçirilən üçtərəfli görüşə Fransa Prezidenti Emmanuel Makronun da tərəf kimi qatılması müxtəlif sualların yaranmasına səbəb oldu. İstər 30 illik işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə Azərbaycana qarşı qərəzli mövqeyi ilə diqqətdən kənarda qalmayan Fransa nədənsə birdən-birə “ədalət donunu” geyinib Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur etmək fikrinə düşdü. Maraqlı deyilmi?”
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.
Vüqar Rəhimzadə bildirib ki, Fransa Prezidenti Emmanuel Makron “France2” telekanalına müsahibəsində səsləndirdiyi fikirləri ilə əslində rəsmi Parisin hansı mövqedə olduğunu bir daha ortaya qoydu: “Makron sözügedən müsahibəsində heç bir konkret fakta əsaslanmayan, absurd fikirləri ilə həqiqəti inkar etməyə çalışdı. Hazırda bütün dünyanın gözü qarşısında baş verən reallıqları yalanları ilə ört-basdır etməyə çalışan Fransa Prezidenti etiraf etdi ki, ölkəsi beynəlxalq hüququn, haqqın-ədalətin deyil, terror dövləti olan Ermənistanın tərəfindədir. Fransa kimi beynəlxalq hüququ maraqlarının arxasında əridən dövlətlərin dəstəyinə arxayınlığın nəticəsi idi ki, Ermənistanın baş naziri 44 günlük İkinci Qarabağ müharibəsi dövründə geniş auditoriya qarşısında beynəlxalq hüququn mövcudluğunu şübhə altına alaraq, jurnalistin bununla bağlı sualını gülüşlə qarşılamışdı. Bu, başadüşülən idi. 30 il beynəlxalq hüququ kobud şəkildə pozduğuna, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etmədiyinə görə heç bir təzyiqlə üzləşməyən, sanksiyalar tətbiq olunmayan Ermənistana elə gəlir ki, atdığı hər bir addım beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur. 30 il qonşu dövlətin 20 faizdən artıq torpağını işğal altında saxlayan bir ölkəyə “gözün üstündə qaşın var” deyilməyibsə, təbii ki, o, beynəlxalq hüququ bu şəkildə başa düşəcək. Təəssüf doğuran budur ki, işğalçı Ermənistana dəstək verən bir qayda olaraq kiçik dövlətlərə “ədalət və beynəlxalq hüquq” dərsi keçən Fransadır. Belə yanaşma ortaya qoyan Fransa Azərbaycanla Ermənistan arasında danışıqlarda vasitəçilik missiyasını necə yerinə yetirə bilər? Məhz buna görə də Fransa heç bir halda Azərbaycanla Ermənistan arasında vasitəçi ola bilməz. Fransa erməni diasporunun güclü olduğu, erməni lobbisinin proseslərə təsir imkanlarının geniş olduğu ölkədir. Hazırda Fransadakı erməni diasporu Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsinin imzalanmasını istəmir. Təsadüfi deyil ki, 30 illik vasitəçilik dövründə ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransa daim Ermənistanın yanında olduğunu nümayiş etdirib və problemin təcavüzkar dövlətin maraqları çərçivəsində həll edilməsi üçün əlindən gələni edib. Elə son proseslər də onu sübut edir ki, Fransa erməni lobbisinə xoş gəlmək üçün hər vasitə ilə bu gün Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasında optimal variant olan Brüssel formatını pozmağa və təşəbbüsü öz əlinə almağa çalışır. Fransa Prezidentinin Praqa görüşlərində iştirakı da bu kimi məqamlara işıq saldı.”
Baş redaktor onu da qeyd edib ki, Fransa Prezidenti Makron sözügedən müsahibəsində riyakarcasına iki il əvvəl beynəlxalq səviyyədə tanınmayan Dağlıq Qarabağda müharibə baş verdiyini iddia edib: “Bu fikrin reallıqdan uzaq olduğunu elə Fransanın da iştirakı ilə hazırlanan və qəbul olunan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi təsdiqləyir. Azərbaycan öz torpaqlarında müharibə aparıb. Dövlətimizin suveren hüququ idi ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin. Erməni silahlı birləşmələrinin bu torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi 28 il kağız üzərində qalıb saralan BMT qətnamələrində öz əksini tapmışdır. Fransa Prezidentinin ölkəmizə qarşı qərəzdən, Ermənistana isə sevgidən qaynaqlanan bu açıqlaması beynəlxalq hüququn əsas prinsipi olan ərazi bütövlüyünə qarşı hörmətsizlikdir. İkili standartlara əsaslanan siyasəti ilə 30 il münaqişənin həllinin uzanmasına səbəb olan ATƏT-in Minsk qrupu həmsədrlərinin, xüsusilə Fransanın bu vasitəçiliyi yenidən bərpa etməyə çalışması bu dövlətə qarşı inamsızlığı daha da artırır. 30 illik işğal dövrünün reallıqlarını yenidən təkrarlamağa çalışan Fransa Prezidentinə dövlət başçısı İlham Əliyevin “Sülh təklifi uzun müddət masa üzərində qala bilməz” bəyanatını xatırlatmaq istərdik. Dövlətlərarası münasibətlərin inkişafında əsas faktor olan etimad mühitinin bəzi dünya gücləri tərəfindən arxa plana keçirilməsi dünyanın doğrudan da hüquq problemini yaşamasını təsdiqləyir. Reallıq budur ki, iki il bundan öncə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmasının qarşısını almaq üçün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin «Hücum!» əmrinə uyğun olaraq “Dəmir yumruq” əməliyyatına başladı. 44 gündə Azərbaycan Ordusu 30 ilin işğalına son qoydu, dünya dövlətlərinin edə bilmədiklərini etdi, BMT qətnamələrini təkbaşına icra edərək dünyaya ədalətin və beynəlxalq hüququn mövcudluğunu çatdırdı. 44 günlük Vətən müharibəsi həqiqət anı kimi dəyərləndirildi. Kimin haqqın, ədalətin, kimin isə şərin yanında olduğu təsdiqləndi.”
Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan ictimaiyyəti ermənipərəst siyasət yürüdən Fransanın danışıqlar prosesində iştirakının qəti əleyhinədir: “Azərbaycanın tarixi torpağına “mübahisəli ərazi” deyən, işğalçı Ermənistanı yox, Azərbaycanı ittiham edən, heç bir halda “Ermənistanı atmayacaqlarını” bildirən bir dövlət və onun Prezidenti hansı haqla vasitəçi olmağa iddia edə bilər? Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan dövlətin başçısı heç bir halda danışıqlar prosesində iştirak edə bilməz. Azərbaycanın öz ərazilərini işğaldan azad etməsini “işğal” kimi qiymətləndirən, Bakıya “işğalçı” deyən Makron bu absurd fikirlərindən sonra hansı vasitəçiliyinə ümid edir? Azərbaycan ictimaiyyəti öz dövlətindən qəti şəkildə Fransanın iştirakı ilə keçirilən bütün görüşlərdən imtina etməyi tələb edir. Xalqımız yaxşı bilir ki, 30 il ərzində keçmiş münaqişənin həll olunmamasının əsas səbəblərindən biri Fransanın açıq ermənipərəst mövqe tutması olub. İndi bunu açıq şəkildə etiraf edən Fransa bilməli və qəbul etməlidir ki, Azərbaycan bu dövlətin vasitəçi olduğu formata yol verməyəcək.”
“Xalqımız Fransanın hər zaman anti-Azərbaycan mövqeyində dayanmasının, həm də bu dövlətin tarixən Asiya və Afrika ölkələrinə münasibətdə istismarçı, riyakar siyasət yürütməsinin şahidi olub. Fransanın bir sıra ölkələrdə həyata keçirdiyi soyqırımı siyasəti, İslam ölkələrinə qarşı qərəzli mövqeyi, müsəlmanlara münasibətdə dini və irqi ayrı-seçkiliyi hər kəsə məlum həqiqətlərdir”,- deyə baş redaktor bildirib.