Xəbərlər
Prezident İlham Əliyevin hakimiyyəti illərində böyük layihələr həyata keçirilib
Vüqar Seyidov
YAP Suraxanı rayon təşkilatının sədri
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətini yəqin ki, bir çoxlarınız yaxşı xatırlayırsınız. Ümummilli Lider bütün həyatını xalqına həsr etdiyindən bədəni tamam yorğun düşsə də, ruhu və ağlı öz xalqının yanında idi. Ulu Öndərin “mən ona özüm qədər inanıram” deməsi milyonlarla insanın o zaman hakim partiyanın vahid namizədinin ətrafında sıx birləməsinə səbəb oldu. 15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə xalq öz səsini yüksək fəallıq göstərərək Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Bu gün artıq 19 ildir ki, cənab İlham Əliyev Azərbaycana Prezident kimi rəhbərlik edir. Ötən illər ərzində bir gün də belə olsa ölkəmiz geriyə addım atmamışdır. Əksinə hər günümüz inkişafın, tərəqqinin yeni mərhələsi kimi müasir tariximizə yazılmışdır.
Dövlət idarəçiliyi bir çox keyfiyyətləri özündə birləşdirir. Bu gün 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz Zəfərdən sonra məlum olmuşdur ki, cənab İlham Əliyev Prezidentliyin ilk ilindən etibarən dayanıqlı inkişaf üçün əsaslı addımlar atmışdır. Bütün sahələrdə davamlı islahatlar kursu dövlətimizin əsasını gücləndirmişdi. Çoxşaxəli inkişaf strategiyaları bizə imkan vermişdir ki, dövlətimiz bütün sahələrdə dinamik inkişaf edə bilsin.
Dövlət başçısı kimi cənab İlham Əliyev dövlətin əsas atributlarını sadəcə simvolik dəyər kimi deyil, dövlət müstəqilliyinin qorunub saxlanması üçün ciddi vasitə kimi qəbul etmişdir. İqtisadiyyatı güclü olan bir dövlətin müstəqil xarici siyasət yürüdə biləcəyi tezisini hələ illər əvvəl irəli sürəndə bu günkü siyasi, hərbi qələbələrimizi sanki görməkdə idi. Açıq demək lazımdır ki, Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm əlamətlərdən biri ölkənin bütün bölgələrinin tərəqqisinə səbəb olan regionların sosial-iqtisadi inkişafı konsepsiyasıdır. Regionlarla paytaxt arasında fərqin azadılması üçün müxtəlif dövrləri əhatə edən regionların sosial-iqtisadi inkişaf proqramları təsdiq olunmuşdur. Bu gün hər bir Azərbaycan şəhərində, kəndində inkişaf və tərəqqi açıq görünməkdədir. Regionlara vaxtaşırı səfərlər zamanı rayon və şəhərlərdə açılışlar, yeni binaların təməlqoyma mərasimləri Prezidentin öz xalqına verdiyi əsaslı töhfələrdəndir.
Sosial rifah amili cənab İlham Əliyev idarəçilik məktəbinin əsasını təşkil edir. Hər dəfə xalqla görüşləri və yaxud da yeni məmur təyinatları zamanı özünün belə xalqın xidmətçisi olduğunu vurğulayaraq örnək olmağa çalışır. Sosial siyasət Prezident İlham Əliyevin daxili siyasət kursunun mühüm istiqamətlərindən biridir. Sosial dövlət modelinə əsaslanan idarəçilik modelimizi uğurla həyata keçirmək üçün də iqtisadi potensial lazımdır. 2018-ci ildən bu günə qədər dəfələrlə minumum əmək haqqları, əmək pensiyaları, həssas təbəqədən olan insanların təqaüdləri artırılmışdır. İnsanların iş, həyat, yaşayış şəraitləri bir neçə dəfə yaxşılaşmışdır. Bunlar hamısı dövlət başçısına, onun siyasətinə inanan, 15 oktyabr 2003-cü ildə ona səs verən milyonların haqlı olduqlarını bir daha sübut edən amillərdəndir.
Torpaqları uzun illər işğal altında olan bir dövlətin Ali Baş Komandanı kimi hər zaman ərazi bütövlüyünün bərpası haqqında düşünən, onun siyasi, mümkün olmadıqda isə hərbi yollarını axtaran cənab İlham Əliyevin ötən illərdə elə bir anı olmamışdır ki, keçmiş Dağlıq Qarabağ münaqişəsi haqqında düşünməsin. Heç kimə sirr deyil ki, cənab İlham Əliyevin müstəsna xidmətləri, uzaqgörən siyasəti, qəhrəman şəhidlərimizin qanı, igid hərbçilərimizin şücaəti sayəsində biz qalib gəlmişik. Lakin hər anı, hər dəqiqəsi zərgər dəqiqliyi ilə hesablanmış zəfərimizin əsasında ciddi peşəkar ordu quruculuğu dayanır. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi.
Həyata keçirilən böyük işlər sayəsində ermənilərin dırnaqarası qəhrəmanları məhv edildi. Eyni zamanda da Azərbaycan xalqının milli özünüdərki ona qaytarıldı. Şəhidin qanı yerdə qalmadı, qazilərə qayğı ən yüksək səviyyədə göstərilir. Dünyanın 50 ən güclü ordusu sırasında olan Azərbaycan silahlı qüvvələri təhdid yarada biləcək tendensiyaların qarşısının alınmasında peşəkarlıq nümayiş etdirməkdədir. Türkiyə modeli çərçivəsində yaradılmış Komando dəstələri isə regionda sülhün və əməkdaşlığın qarantıdır. Biz milli maraqlarımızın müdafiəsini bütün vasitələrlə təşkil edəcəyik. Bu istiqamətdə Prezident İlham Əliyevin qətiyyəti hər zaman öz sözünü deməkdədir.
Vətən müharibəsi Prezident İlham Əliyevin bir çox mövcud xüsusiyyətlərini göz önünə sərdi ki, onlardan biri də beynəlxalq media orqanlarına verdiyi müsahibələrində meydana çıxdı. Ədalətli mövqeyimizi hər platformada, hər kürsüdə dilə gətirən Ali Baş Komandan həm də ən yaxşı Ali Baş Diplomat olduğunu bütün dünyaya sübut etdi.
Şərtlər hər nə olursa olsun, həqiqətləri söyləmək ədalətli insanların həyat kredolarıdır. Vətən Müharibəsi dövründə, sonrasında müharibə gerçəklərinin dünya tərəfindən qəbul edilməsi prosesində və azad olunmuş torpaqlarda olarkən işğal və dağıdıcılığın miqyasa gəlməz ölçüsünü bütün dünyaya çəkib göstərən də elə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmuşlar. Dünyaya qarşı tək meydan oxuyan dövlət başçımızı xalqı ətrafında dəmir yumruq kimi birləşərək müdafiə etməkdədir.
Bilirsinizmi, artıq dünyada ölkələr ərazilərinə və yaxud da əhalisinin sayına görə deyil, baş verən hadisələrə reaksiyasına və dünyaya verdikləri töhfələrə görə fərqlənirlər. Azərbaycan pandemiya dönəmində bir daha özünün dünyəvi keyfiyyətlərini nümayiş etdirmiş oldu. Əlbəttə, Prezident İlham Əliyevin humanist yanaşmaları və təşkilatçılıq qabiliyyəti dünyada heç bir vəchlə bir araya gəlməyən insanları birləşdirdi və nəticədə ölkəmizin koronavirusla mübarizə və dünyayla həmrəylik modeli böyük hörmət qazanmışdı.
Azərbaycan bu gün regionda Türkiyə ilə birlikdə beynəlxalq güc mərkəzidir. Avropada başlayan müharibə hər iki dövlətin beynəlxalq nüfuzunu və gücünü daha da artırdı. Hər iki münaqişə tərəfinə bərabər məsafədə dayanan iki qardaş ölkə Avropadakı müharibənin həllində böyük rol oynamaqdadır. Eyni zamanda da Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsərlərindən biri olan “Əsrin müqaviləsi”ndən bu yana enerji sektoruna böyük sərmayələr cəlb etmişdir. Daha sonra əldə etdiyi gəlirləri qeyri-neft sektoruna yatırmaqla yanaşı, enerji sahəsinə də böyük miqdarda kapital qoyulmuşdur. Bu gün Avropanın enerji təminatında Azərbaycan strateji əhəmiyyətə malik dövlətdir. Üstəlik də Azərbaycanın yaratdığı infrastruktur düz Avropaya qədər neft-qazın nəqlini təşkil edir. Bu isə İlham Əliyev zəkasının təcəssümüdür.
Əlbəttə, son 19 ildə həyata keçirlmiş işlərə bir yazıda münasibət bildirmək mümkünsüzdür. Prezident İlham Əliyevin hakimiyyəti illərində meqa layihələr həyata keçirilmişdir. Lakin son aylar Avropa İttifaqı ilə həyata keçirilməsi planlaşdırılan enerji layihələrini yalnız iqtisadi kontekstdə dəyərləndirmək sadəlövhlük olardı. Belə ki, bu layihələr necə ki, Avropanı enerji böhranından xilas edir, eləcə də bizim gələcək dövlətçiliyimizin qorunmasına xidmət edir.
Azərbaycan öz enerji siyasəti ilə dünyada “yumşaq güc” amilini də tətbiq etməkdədir. Biz eyni zamanda da beyin mərkəzlərində fəal təmsil olunmaqla, onlardan faydalanmaqla və beyin mərkəzləri yaratmaqla öz siyasi iradəmizi dünyaya qəbul etdiririk. Bunun ən gözəl örnəyini II Qarabağ müharibəsinin nəticələrinin dünya tərəfindən tanınmasında görə bilərik. Əlbəttə, bu amil də cənab İlham Əliyevin dahi siyasətinin nəticəsidir.
Prezident İlham Əliyevin 19 illik hakimiyyətinə bir sıra əhəmiyyətli sosial, ictimai-siyasi hadisələri sığdırmaq olar. Lakin Yeni Azərbaycan Partiyası, bu partiyanın sədri və vahid namizədi kimi dəfələrlə ölkə başçısı seçilməsi iki dəyərli məfhumu bir-birindən ayrılmaz amillərə çevirir. Ölkənin həyatında baş vermiş mühüm hadisələr ilə bağlı siyasi partiyalar tərəfindən birgə bəyanatların verilməsi və işğaldan azad olunmuş ərazilərə iqtidar-müxalifət partiyalarının birgə səfərlərinin təşkili Azərbaycanda yaşanan həmrəylik mühitinin təcəssümüdür. Xüsusi qeyd etməliyəm ki, daxili siyasi mühitdə vətəndaş həmrəyliyinin formalaşdırılmasında Prezident İlham Əliyevin ən yaxşı silahdaşları məhz YAP-da toplanmışlar. VII Qurultaydan sonra doğma partiyamızda aparılmış islahatlar və qarşıya qoyulmuş hədəflər cəmiyyətimizin yeni reallıqlar fövqündə yenidən formasiya olunmasına xidmət etmişdir. Demokratik dəyərlərə və milli həmrəyliyə əsaslanan yeni siyasi konfiqurasiya və demokratik ənənələrin dərinləşməsinə xidmət edən parlament seçkiləri məhz dövlət başçısının həyata keçirdiyi mühum islahatlar kimi tarixə düşmüşdür.
Geriyə, son 19 ilə baxdığımız zaman öz Öndərini itirmiş və sabahına ümidlərini yeni, gənc liderə bağlamış xalqın heç də yanılmadığını görürük. Əksinə cənab İlham Əliyevin yaratdığı yeni reallıqlar sayəsində ölkəmiz bütün tərəflərlə milli maraqlar çərçivəsində müzakirələr və əməkdaşlıq edə bilir. Hətta tarixən düşmən olan Ermənistanla belə sərhədlərin müəyyən olunması və regionda yeni reallıqlara uyğun əməkdaşlıqlar haqqında fəal və real danışıqlar gedir. Sülh müqaviləsi mümkündür və həqiqətdir.