YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlətin və xalqın mənafeyini qoruyan Prezident

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

19 il əvvəl bu gün -15 oktyabr 2003-cü il tarixdə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı coşqu ilə seçki məntəqələrinə gələrək böyük səs çoxluğu ilə Ulu Öndər Heydər Əliyevin siyasi varisi İlham Əliyevə səs verdi.

Prezident seçildiyi ilk gündən “Mən hamının Prezidenti olacağam” ifadəsi cənab İlham Əliyevin bütün fəaliyyətinin əsas leytmotivi oldu. Andiçmə mərasimində Prezident İlham Əliyev bəyan etdi: bütün fəaliyyətim boyu Ulu Öndər Heydər Əliyev siyasətinə sadiq qalaraq, Xalqın mənafeyinə xidmət edəcək, Azərbaycanın inkişaf etmiş bir dövlətə çevrilməsinə və ərazi bütövlüyümüzün bərpa olunmasına nail olacağam.

Xalq-hakimiyyət birliyi istənilən dövlətdə siyasi sabitliyi və təhlükəsizlik mühitini şərtləndirən həlledici amildir. Bu birlik təsadüfən, öz-özünə formalaşmır. Onun üçün əsas şərt xalqını arxasınca aparmağı bacaran güclü və xarizmalı lider amilinin olmasıdır. Elə bir lider ki, müstəqil siyasət aparmaq iqtidarında olsun. Elə bir lider ki, xalqı və dövlətinin milli maraqlarını bütün mənafelərin fövqünə yüksəltsin. Elə bir lider ki, sözü və əməli üst-üstə düşsün. Məsələyə bu konteksdə yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, Prezident İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalq ona görə cənab Prezidenti sevir ki, o, son 19 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməyi bacarmışdır. Xalq ona görə pre­zidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqla­rından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü or­dusunda və uğurlu xarici siyasətində öz təsdiqini tapır.

Son illər qlobal böhranın doğurduğu iqtisadi və psixoloji çətinliklərə baxmayaraq, Azərbaycanın iqtisadi müvazinətini əzmlə qoruyub saxlaması, hökumətin sosial öhdəliklərinin uğurla reallaşdırılması, təxirəsalınmaz, zəruri layihələrin icrasında çətinliklərin  yaranmaması “İnkişafın Azərbaycan Modeli”nin uğurlarını bir daha təsdiqləyir. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən dövlət proqramları sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu.

Ötən dövrdə respublikamızın tranzit imkanlarının reallaşması üçün digər iri layihələr də uğurla reallaşdırılmışdır. Bu baxımdan Beynəlxalq Dəniz Limanının tikintisi, TRASECA, Şimal-Cənub, Şərq-Qərb dəhlizləri çərçivəsində görülən işlər, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi xüsusi vurğulanmalıdır. İftixarla qeyd edə bilərik ki, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycan  Bakı–Tbilisi-Qars, Şimal–Cənub, TAP, TANAP kimi beynəlxalq əhəmiyyətli layihələri reallaşdırmağı bacardı.

Avrasiyanın əsas tranzit ölkələrindən biri olaraq, Azərbaycan Şərq-Qərb  ticarət, enerji-yanacaq və nəqliyyat-kommunikasiya əlaqələrinin mərkəzində dayanır. Bu mövqe getdikcə güclənir və ən əsası isə, dünyanın əsas qloballaşma və regional  inteqrasiya mərkəzləri Azərbaycanın üçüncü minillikdə dünyanın həm alternativ enerji təminatçısı, həm də əsas tranzit ölkə kimi qəbul edir. Azərbaycanın tranzit imkanları artdıqca, planetar geosiyasi dəyəri də yüksəlir ki, bu da onun xarici ölkələrlə geosiyasi tərəfdaşlığını şərtləndirən əsas amillərdən biri hesab olunur.

2020-ci ilin  Sentyabr  ayının 27-də  başlayan  və 44 gün davam edən Vətən müharibəsi  nəticəsində ermənilərin və onların havadarlarının 1828–ci ildən başlayaraq Azərbaycan xalqına qarşı apardıqları mənfur siyasətə son qoyuldu. Bu həm də, uzun illər havadarları vasitəsilə ermənilərin azğınlaşmış siyasətinin sonu idi.                                      

Dünyanın güc mərkəzləri arasında sərt və mürəkkəb mübarizənin getdiyi bir dövrdə Prezident İlham Əliyevin apardığı xarici siyasət əksər dövlətlər üçün örnək rolunu oynaya bilər. Son zamanlar yaşadığımız region ətrafında baş verən hadisələr bir daha göstərir ki, rəsmi Bakının həyata keçirdiyi müstəqil daxili və xarici siyasət kursu xalqımızın milli maraqlarının reallaşdırılması və dövlətçiliyimizin inkişafını təmin edən ən optimal yoldur

Beləliklə, zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. O, sözün həqiqi mənasında ərazi bütövlüyümüzü bərpa etməyi və tam müstəqil dövlət qurmağı bacardı.