Xəbərlər
15 oktyabrda xalq öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə verdi
Fəqət Şadlinskaya
YAP Bərdə rayon təşkilatının sədri
2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Azərbaycan xalqı bu seçimi ilə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi.
Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bir daha bəyan etdi ki, Azərbaycanın daha güclü, qüdrətli dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir. Son 19 ilin uğurlarının xronologiyası bu vədin konkret əməldə öz əksini tapdığını nümayiş etdirir. Bu mühüm məqamı da qeyd edək ki, ulu öndər Heydər Əliyev tarixi əhəmiyyətli 2003-cü il 1 oktyabr müraciətində Azərbaycanın gələcək inkişafını təmin edəcək ünvanı göstərərkən bu əminliyi ifadə etmişdir ki, axıra çatdıra bilmədiyi taleyüklü məsələləri cənab İlham Əliyev xalqın dəstəyi ilə axıra çatdıracaq.
1993-2003-cü illər Azərbaycan tarixinə inkişaf, tərəqqi dövrü kimi yazılıb. Bu illərdə yaradılan möhkəm təməl Azərbaycanın davamlı inkişafına, bütün sahələrdə təkmil islahatların həyata keçirilməsinə geniş imkanlar yaradır. Yeganə problemimiz hazırda tarixə qovuşan Qarabağ münaqişəsi idi. Ulu öndər Heydər Əliyev bildirirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü Ordun olmalıdır. Ümummilli Liderin ordu quruculuğu istiqamətində atdığı addımlar maddi-texniki bazasının möhkəmləndirilməsini, döyüş ruhunun artmasını təmin etdi.
2003-cü ildən ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev ordu quruculuğunda həyata keçirdiyi tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı gördüyü işlər Qarabağ münaqişəsinin taleyi ilə bağlı bəzi dairələr tərəfindən səsləndirilən əsassız fikirləri darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir.
Azərbaycan Ordusunun gücünün, qüdrətinin bariz nümunəsi 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı Zəfər tarixi oldu. Ordumuzun gücü qarşısında diz çökən Ermənistan silahlı qüvvələri hərbi texnikanı, silah-sursatı qoyub qaçdı. İkinci Qarabağ müharibəsinin başlandığı ilk gündən Silahlı Qüvvələrimizin gücü sayəsində cəbhədən gələn qələbə xəbərləri xalqımızı sevindirdi, qürurlandırdı. 44 gündə 5 şəhərin, 4 qəsəbənin, 300-ə yaxın yaşayış məntəqəsinin işğaldan azad edilməsi, üçrəngli bayrağımızın bu torpaqlarda dalğalanması ilə bir daha dünyaya sübut olundu ki, ən güclü ordu Azərbaycan Ordusudur. Ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifi tamamilə dağıdıldı. Qarabağın tacı Şuşamızın işğaldan azad edilməsi Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Bu gün Azərbaycan Ordusu dünya hərb tarixinə yazdığı səhifə ilə qürurludur. Azərbaycanın müharibə təcrübəsi dünyanın inkişaf etmiş ölkələrinin hərbi ekspertləri tərəfindən öyrənilir. Bütün bunlar ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi sistemli tədbirlərin nəticəsidir. Cənab İlham Əliyevin 19 illik Prezidentlik dövrünün 17 ili Qarabağ münaqişəsinin həllinə hazırlıq dövrü kimi xarakterizə olunur. Qələbəyə hazırlanan Ordumuzun yazdığı tarix, eyni zamanda, xalqımızın yenilməz, məğrur xalq olduğunu dünyaya çatdırdı.
Qalib ölkənin qalib Prezidenti İlham Əliyev keçirilən tədbirlərdə, işğaldan azad edilmiş ərazilərimizə mütəmadi reallaşdırdığı səfərləri zamanı çıxışlarında Vətən oğullarının torpaq sevgisindən geniş bəhs edərək onların qanları ilə tarix yazdığını xüsusi qeyd edir.
Bu gün şəhidlərimizin ruhu şaddır. 30 ilik işğaldan sonra tarixi sahibinə qovuşan torpaqlarımızda yeni həyat başlayıb. Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində qələbəsi dövlətimizin uğurlu siyasətinin nəticəsidir. Müzəffər Ali Baş Komandan tarixi Zəfərimizin ilk günündən bu çağırışı etdi ki, Ermənistanda revanşist qüvvələr baş qaldırarsa “Dəmir yumruğ”u unutmasınlar. Hər bir təxribatın qarşısı qətiyyətlə alınır və alınacaq.
“Dəmir yumruğ”un davamı olan “Qisas” və “Qətiyyətli cavab” əməliyyatları Azərbaycan Ordusunun daha da gücləndiyini nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövrünün hədəflərini açıqlayarkən Ordumuzun daha da gücləndiriləcəyini, bu istiqamətdə lazımi addımların atılacağını bildirdi.