Xəbərlər
“İlham Əliyev - dövlətin və vətəndaşların hüquq və azadlıqlarının qarantı”
Pirallahı Rayon İcra Hakimiyyətində “İlham Əliyev - dövlətin və vətəndaşların hüquq və azadlıqlarının qarantı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı RİH başçısı Vasif İmanov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə rayon icra hakimiyyətinin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Tədbir Dövlət Himninin səsləndirilməsilə başlayıb, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “İlham Əliyev - dövlətin və vətəndaşların hüquq və azadlıqlarının qarantı” adlı film nümayiş olunub.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Alqış Musayev bildirib ki, Prezident İlham Əliyevin fədakar əməyi, gərgin zəhməti nəticəsində müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib.
YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi, insan amili dayanır. Ötən dövr ərzində əhalinin sosial rifahının yüksəldilməsi və sosial infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması istiqamətində məqsədyönlü siyasət həyata keçirilib və mühüm uğurlar əldə olunub. Vurğulanıb ki, Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfər nəticəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub və 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə son qoyulub. Vətən müharibəsi həm də öz evlərindən didərgin düşən vətəndaşlarımızın yaşamaq hüququnu bərpa edib.
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyevin sözlərinə görə, Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti, seçkiqabağı təşviqat dövründə səsləndirdiyi “Mən hər bir azərbaycanlının prezidenti olacağam!” vədinə sadiq qalması qısa müddətdə ona xalq arasında geniş populyarlıq, sonsuz inam, güclü etibar və sevgi qazandırdı.
Pirallahı RİH başçısı Vasif İmanov bildirib ki, Azərbaycanda demokratiyanın tam formalaşması prosesində mediaya göstərdiyi şəxsi qayğısı, iqtisadiyyatın dinamik inkişafına, qeyri-neft sektorunun, kənd təsərrüfatının dirçəldilməsinə istiqamətlənmiş fəaliyyəti, bu gün dünyanın təqdir etdiyi və bəzən hətta heyran qaldığı transmilli layihələrin reallaşma sürəti, ölkə əhalisinin sosial-mədəni həyatının yüksək göstəricilərlə təmin edilməsi, ordu quruculuğundakı misilsiz uğurlar, torpaqlarımızın işğaldan azad edilməsi, şəhid ailələrinə, müharibə veteranlarına dövlət qayğısı, işğaldan azad olunmuş ərazilərimizdə sürətli və genişmiqyaslı işlərin görülməsi, Böyük Qayıdışın başlanması və digər bu kimi mühüm işlər Prezident İlham Əliyevin 19 illik fəaliyyət dövrünün ən böyük uğurları kimi yaddaşlarda dərin iz salıb.