Xəbərlər
Qarabağ və Şərqi Zəngəzura yeni həyat gəlir
Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri
Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bir daha Azərbaycan həqiqətlərini və ölkəmizin 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkdiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. İşğal dövründə bütün ərazilərimiz talan edilmiş, lakin Ağdam xüsusi qəddarlıqla dağıdılmış, evlər sökülərək daşlarına qədər satılmışdır. Bütün dini abidələrimiz təhqir edilərək yerlə yeksan edilmişdir. Ərazilərimiz işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzura səfər edən minlərlə əcnəbi qonaq, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanın törətdiyi vandalizmi öz gözləri ilə görmüşlər. Ağdamdakı erməni barbarlığının miqyassız olmasından xarici ekspert və jurnalistlər heyrətə gəlmiş və Ağdama “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” kimi adlar vermişlər.
30 il erməni işğalı ilə üzləşən ölkəmiz, eyni zamanda, beynəlxalq ədalətsizliklə də üzləşmiş oldu. Belə ki, bu müddət ərzində beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə göz yummağa qərar verdi. Ən çox təəssüf doğuran isə ATƏT-dən mandatı olan Minsk Qrupu adlandırılan struktur və onun həmsədrlərinin işğal olunmuş ərazilərə dəfələrlə səfərlər etməsinə baxmayaraq bütün şəhər və kəndlərin qəddarcasına dağıdılmasının, ermənilərin torpaqlarımızda qanunsuz məskunlaşdırılmasının şahidi olsalar da Ermənistanı qınamamasıdır.
Artıq ölkəmiz öz gücünə erməni işğalına son qoyaraq torpaqlarımızı azad etmişdir. Odur ki, heç bir vasitəçiliyə də ehtiyac yoxdur. Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra ölkəmiz 30 il işğaldan əziyyət çəkməsinə baxmayaraq Ermənistana sülh təklif edib və sülh müqaviləsinin imzalanması üçün beynəlxalq hüquq çərçivəsində beş əsas prinsip irəli sürüb. Ölkəmizin Ermənistana sülh təklifi ilə çıxış etməsi, həmçinin hərbi əməliyyatlar bitdikdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinə başlanılıması Azərbaycanın regionda davamlı sülhdə maraqlı olmasının göstəricisidir.
Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışı zamanı Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması dövrünün yaşandığını, eyni zamanda, artıq Böyük Qayıdış proqramının başladığını qeyd etdi. Keçmiş məcburi köçkünlər arasında keçirilmiş sorğuya görə əksəriyyət insanlar, hətta həmin torpaqları görməyən yeni nəsil öz doğma yurd-yuvalarına qayıtmaq istəyindədir. Bu isə çox qürurverici hisslərdir. İşğaldan azad edilmiş bütün ərazilərdə, eləcə də Ağdamda həyata keçirilən sürətli bərpa-quruculuq işləri insanların mümkün qədər tez zamanda öz doğma torpaqlarına qayıdacaqlarını deməyə əsas verir. Ölkə başçısının Ağdama səfəri zamanı təməlini qoyduğu Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərində maksimum iki ildən sonra bir neçə min insan yaşayacaqdır. Bütün bunlarla yanaşı Qarabağ və Şərqi Zəngəzurda irimiqyaslı infrastruktur layihələr icra olunur. Hava limanları, avtomobil və dəmir yolları, tunellər, körpülər, məktəb və xəstəxanalar tiklir. Bütün azad olunmuş ərazilərdə artıq elektrik təchizatı tamamilə bərpa edilib. Lakin bu istiqamətdə də əlavə imkanlar dəyərləndirilir, belə ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş elektrik stansiyasının tikintisinə başlanacaq. Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə böyük bərpaolunan enerji potensialı mövcuddur və bu, on min meqavat təşkil edir. Bir sözlə, keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün imkanlar səfərbər olunub.