Xəbərlər
Prezident: Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur
Azərbaycan ilə Böyük Britaniya arasında əməkdaşlığın əsas və ənənəvi sahələrində artıq ciddi irəliləyiş və böyük nailiyyətlər var. Mən təkcə Azərbaycan üçün deyil, daha geniş region üçün bu gün heç zaman olmadığı qədər mühüm olan enerji sahəsini nəzərdə tuturam.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldun etimadnaməsini qəbul edərkən söyləyib.
“Hesab edirəm ki, biz artıq enerjidən başqa sahələrə nəzər salmalıyıq - ticarət, qarşılıqlı ticarətin artırılması, turizm və insanlar arasında təmaslar. Düşünürəm ki, təhsil sahəsində əməkdaşlığın yaxşı nəticələri var. Bildiyiniz kimi, bir çox azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir. Lakin, bu əməkdaşlığın dinamikaya və müəyyən çərçivəyə ehtiyacı var”, - deyə dövlətimizin başçısı qeyd edib.
Tərəfdaşlığın səviyyəsindən olduqca məmnun olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev vurğulayıb ki, uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və bir sıra sahələrdə sıx əməkdaşlıq mövcuddur.