YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qəhrəmanlıq və şücaət təcəssümü

Etibar Hacıyev

Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatının sədri

2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl  işğalından azad edildi. 44 günlük İkinci Qarabağ müharibəsinin hər günündə cəbhədən gələn qələbə xəbərləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını sevindirdi, torpaq həsrətinə son qoyulacaq günün uzaqda olmadığına əminlik yaratdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun göstərdiyi qəhrəmanlıq, şücaət  nəticəsində 44 günlük İkinci Qarabağ müharibəsi tarixi Zəfərimizlə başa çatdı.  30 ilə yaxın dövrdə qaçqın və məcburi köçkün həyatını yaşayan soydaşlarımızın dilindən səslənən ifadə bu oldu ki, artıq biz qaçqın deyilik.  Şəhər və kəndlərimizi, küçə və meydanlarımızı Azərbaycanın üçrəngli bayrağı bəzədi. İşğaldan azad edilmiş ərazilərimizdə ucaldılan Azərbaycan Bayrağı dünyaya bu torpaqların sahibinin Azərbaycan xalqı olduğunu çatdırdı.

Torpaqlarımız azad edilib, Qarabağ münaqişəsi tarixə qovuşduğu ilk gündən  dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu ərazilərə davamlı səfərləri hər birimizdə böyük qürur hissi yaratdı. Ölkə Prezidenti qələbə sevincini xalqımızla bölüşmək, bu torpaqların sahibinin məhz biz olduğumuzu Ermənistana və ona havadarlıq edən dövlətlərə çatdırmaq üçün işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərlərini atdığı biri-birindən əhəmiyyətli addımları ilə daha da  zənginləşdirir, Böyük Qayıdışı daha da sürətləndirir.

Tarixi Zəfərimizdən sonra ilk səfər 2020-ci il noyabr ayının 16-da Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə edildi. Cəbrayıl işğaldan ilk azad edilən şəhərdir. Dövlət başçısı ilk səfərində bu torpaqların bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını verdi. Bu müddət ərzində Cəbrayıl rayonuna gerçəkləşdirilən səfərlərin hər biri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.  Bu gün böyük qürur hissi keçiririk ki, dövlət başçısı İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu torpaqlarımızın işğal deyil, işğaldan azad edildikdəri tarixi qeyd etməyin sevincini bizlərə yaşatdı. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlər hər birimizdə böyük qürur hissi yaratdı. Belə ki, “Cəbrayıla xoş gəlmisiniz” müraciətinin ardınca Müzəffər Ali Baş Komandan  bu əminliyi də ifadə etmişdir ki,  bundan sonra mən Cəbrayıla gələndə həmişə cəbrayıllılar mənə “Xoş gəlmisiniz, cənab Prezident” deyəcəklər.

Soydaşlarımızın bu torpaqlara qayıdışı, eyni zamanda, yüksək həyat şəraitlərinin təmin olunması üçün biri-birindən mühüm addımlar atılır. Hazırda əsas hədəf bütün azad olunmuş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması, Azərbaycan brendi kimi dünyaya səs salan yeniliklərin bu torpaqlarda aparılan işlərdə öz əksini tapmasıdır. Artıq Cəbrayıl şəhərinin Baş planı təqdim edilib. Görülən işlər dövlətimizin iqtisadi gücünün təqdimatıdır. Bütün imkanlar səfərbər olunaraq qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsinə istiqamətləndirilib. Hər yerdə ermənilərin vəhşiliklərinin, vandalizmin izlərini görürük. Torpaqlarımız tamamilə dağıdlıb, yerlə-yeksan edilib. Bu dağıntıları aradan qaldırmaq, şəhərlərimizin əvvəlki görkəmini bərpa etmək üçün genişmiqyaslı işlərə böyük ehtiyac vardır. Azərbaycan bu işləri öz maliyyə imkanları hesabına həyata keçirir. Dövlət başçısı İlham Əliyevin ötən dövr ərzində Cəbrayıl rayonuna səfəri çərçivəsində görülən işlərin qısa xronologiyasını təqdim etməklə gələcək barədə aydın təsəvvür yaratmaq mümkündür. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb. Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi. SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir. “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməli qoyulub. “Cəbrayıl” yarımstansiyanın açılışı olub. Həmçinin bu ərazidə yaşayış məhəlləsinin, xəstəxananın, məktəbin təməli qoyulub. Görülən və görüləcək işlərin hamısını sadalamaq mümkün deyil, miqyası genişdir. Böyük Qayıdış üçün bütün zəruru addımlar atılır. Onu da qeyd edək ki, Böyük Qayıdışın başlanğıcı Cəbrayılın Cocuq Mərcanlı kəndindən başlayıb. Belə ki, 1994-cü il 5 yanvar tarixində Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib.

Bu gün digər ərazilərimiz kimi, Cəbrayıl da həyatının yeni mərhələsini yaşayır. Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, bu torpaqların malik olduğu imkanlardan səmərəli istifadə ölkəmizin hərtərəfli, dayanıqlı inkişafına böyük töhfə olacaq.

DİGƏR Xəbərlər Arxiv