YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunda inşa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

Sentyabrın 30-da Xətai Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının və rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Xətai rayonu ərazisindəki orta ümumtəhsil məktəblərinin şagirdləri arasında  27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır-İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirildi.

YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirin əvvəlində ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirdi ki, Zəfərimizə gedən yolun başlanğıcı kimi dəyərləndirilən  2020-ci ilin 27 sentyabrı günü- Azərbaycanın hərb tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazıldı: “Həmin gün başlanan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazandıq. Əlbəttə, bu tarixi Zəfər asan əldə edilmədi, şəhidlər verdik, xeyli sayda döyüşçülərimiz qazi oldular. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Bu gün şəhidlərimizin Vətən uğrunda göstərdikləri fədakarlıqlar, onların torpaq sevgisi, döyüş yolu hər birimiz üçün bir örnəkdir. Şəhidlərimizin ruhuna hörmət və ehtiram hər birimizin vətəndaşlıq borcu, həyat amalı olmalıdır. Hər bir Azərbaycan vətəndaşı bundan sonra da bu ideyaları, irsi qorumalı, onlara sadiq qalmalı, gələcək nəsillərimiz bu amallarla böyüməlidirlər.”

    Şərəfli tarixin gələcək nəsillərə çatdırılmasında, Qələbəmizin təbliğində bu cür müsabiqələrin əhəmiyyətindən geniş bəhs edən YAP Xətai rayon təşkilatının sədri vurğuladı ki, əsas məqsəd gənc nəslə tariximizin hər bir səhifəsini çatdırmaq, onları vərəqləmək imkanı yaratmaq, məktəblilərin qəlbində torpaq, Vətən  sevgisini daha da artırmaqdır. Tarixi Zəfərimizin şərtləndirən amillərdən  bəhs edərkən torpağa, Vətənə, tariximizə bağlılığımız xüsusi qeyd olunur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev hər zaman bu çağırışı edirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən çox asılıdır. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlət başçısı İlham Əliyev  isə bildirir ki, gənclərimiz milli ruhda tərbiyə olunmalı, dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.

Vüqar Rəhimzadə müsabiqə qaliblərini təbrik etdi və onlara  milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməyi arzuladı: “Bugünkü gənc nəsildən əsas gözləntilər müasir bilik və bacarıqlara yiyələnmələri, mükəmməl vərdişlərə sahib olmaları, bununla da Azərbaycanın inkişafı üçün töhfə verə biləcək, layiqli bir vətəndaş kimi yetişmələridir.”

Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov  çıxış edərək gənclərə ən xoş arzularını çatdırdı. Gənclərə gələcək həyatlarında müvəffəqiyyətlər diləyən Anar Məmmədov məktəblilər arasında keçirilən  müsabiqənin əhəmiyyətindən bəhs etdi: “Qarabağ Azərbaycandır-İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi həm də yeniyetmə və gənclərin tariximizin şanlı səhifəsini  daha dərindən öyrənmələri  üçün əlverişli bir vasitədir. Biz gələcəyimiz olan gəncləri hər zaman vətənpərvər və qurucu ruhda yetişdirməyi əsas fəaliyyət istiqaməti kimi qəbul edirik. Azərbaycanın zəngin tarixinin öyrənilməsi, nəsillərdən-nəsillərə ötürülməsi üçün belə tədbirlərin, müsabiqələrin mütəmadi keçirilməsi  də olduqca əhəmiyyətlidir.”

 Müsabiqəyə təqdim olunmuş yazıları qiymətləndirmək üçün yaradılmış münsiflər heyətinin rəhbəri Əhməd Məmmədov vurğuladı ki, 27 Sentyabr – Anım Gününə həsr olunmuş  sözügedən inşa yazı müsabiqəsinə qatılmaq hər bir iştirakçı üçün  böyük uğurdur: “Bu, o deməkdir ki, müsabiqəyə qatılan hər bir şagird özündə  bu cür əhəmiyyətli tarixi mövzudan yazmaq potensialının  olduğunu görüb və bu səbəbdən də yarışmaya həvəslə qoşulub. Hesab edirəm  ki, şagirdlərin əksəriyyətinin ilk qələm təcrübəsi olmasına baxmayaraq  müsabiqəyə təqdim olunan yazıların hər biri yüksək qiymətə layiqdir. Biz qalibləri müəyyənləşdirərkən maksimum obyektiv olmağa çalışdıq.  Bütün iştirakçıları təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzulayıram.”

Sonra müsabiqənin qaliblərinin adları elan edildi. Müsabiqədə Humanitar fənlər təmayüllü məktəb-liseyin IX sinif şagirdi Zeynəb Bayramova I yeri, 221 nömrəli tam orta məktəbin XI sinif şagirdi Səfiyyə Bağırzadə, Heydər Əliyev adına Liseyin IX sinif şagirdi Hilal Kazımlı II yeri, 27 nömrəli tam orta məktəbin X sinif şagirdi Məhluqə Mustafayeva, 29 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ləman Şıxəliyeva, 147 nömrəli Texniki Humanitar Liseyinin X sinif şagirdi Fatimə Məmmədzadə III yeri tudular.

Müsabiqənin qalibləri çıxış edərək öz təəssüratlarını bölüşdülər. Diqqətə çatdırdılar ki, 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır-İşğaldan azad olunmuş torpaqlarımız” mövzusunda keçirilən inşa yazı müsabiqəsindən iştirak etməkdən və qalib olmaqdan çox böyük qürur hissi duyurlar.

Sonda  inşa müsabiqəsinin qaliblərinə hədiyyələr və diplomlar, bütün iştirakçılara isə sertifikatlar təqdim edildi və xatirə şəkli çəkdirildi.