YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xalqımız şanlı tarixi ilə qürur duyur

Abbas Əliyev

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib yumruq kimi birləşərək 44 gün ərzində düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı sarsılmaz birlik və həmrəylik nümayiş etdirdi.

Müdrik Azərbaycan  xalqı 27 Sentyabr-Anım Günündə möhtəşəm həmrəylik ifadə edərək torpaq uğrunda  canından keçən qəhrəman əsgər və zabitlərimizi qürurla andı. 27 sentyabr tarixində insanlarımız şəhidlər xiyabanlarına, şəhid məzarlarını ziyarət edərək onların əziz xatirəsini ehtiramla yad etdi, ruhlarına dualar oxudu, qəbrləri üzərinə gül dəstələri düzdü. Həmçinin, şəhid ailələri ilə görüşlər təşkil edildi, onlara mənəvi dəstək göstərildi. Bu, bir daha onu təsdiqəyir ki, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi naminə şəhid olan oğul və qızlarımızı xalqımız heç vaxt unutmayacaq, qəlbində və tarixində müqəddəs dəyər kimi qoruyub saxlayacaq.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 27 Sentyabr – Anım Günündə işğaldan azad olunmuş ərazilərə səfər etməsi də böyük məna kəsb edir. Füzuli rayonunun Qaraxanbəyli kəndində Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələrinin  qoyulması torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə böyük ehtiramın nümunəsidir.

27 sentyabr tarixi həm də Zəfərə gedən yolun başlanğıcı, milli iradənin, ləyaqətin təntənəsidir. Məhz Azərbaycan əsgərinin Zəfər salnaməsi, qəhrəmanlıq dolu dastanı həmin gündən yazılmağa başladı. Məlumdur ki, şəhidlərimiz, qazilərimiz, veteranlarımız hər zaman dövlətimizin başçısı İlham Əliyevin xüsusi diqqətindədir. Elə bir görüş, elə bir tədbir yoxdur ki, orada Prezidentimiz əsgər və zabitlərimizin qəhrəmanlıqlarından bəhs etməsin, şəhidlərimizi xatırlamasın. Prezident İlham Əliyevin Vətən müharibəsinin başladığı günün Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamı şəhidlərin əziz xatirəsinə göstərilən ali ehtiramın göstəricisidir. Əminik ki, yenilməz Azərbaycan Ordusunun 44 gündə göstərdiyi misili görünməmiş qəhrəmanlıqlar hər zaman xalqımızın qəlbində yaşayacaq. Bu gün biz mütəqil ölkəyə sahibik.

Hazırda şəhidlərimizin canı, qanı bahasına işğaldan azad edilmiş torpaqlarımızda misili görünməmiş yenidənqurma-bərpa işləri sürətli və sistemli şəkildə davam etməkdədir. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq Şərqi Zəngəzura və Qarabağa səfərlər edərək görülən işlərlə yerində tanış olurlar. Dövətimiz insanların öz ata-baba yurduna tezliklə qayıtması üçün səylə çalışır. Bu ərazilərdə su elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. Bəzi işlər isə artıq başa çatıb. Buna Zəfər yolunun, Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsini, Zəngilanda Ağalı kəndinin bərpasını, azad olunmuş bütün ərazilərdə ən müasir texnologiyalara və idarəetməyə əsaslanan yarımstansiyaların inşasını, dağ çayları üzərində elektrik stansiyalarının tikilməsini misal çəkə bilərik. Sentyabrın 27-28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya növbəti dəfə səfər etdilər, şəhərdə inşa olunan yeni yaşayış kompleksində, Şuşa hotel və konfrans mərkəzində aparılan tikinti işləri ilə, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin binasında yaradılan şəraitlə, Mehmandarovların malikanə kompleksində, yenidən qurulan hoteldə aparılan təmir-bərpa işlərinin və Şuşa şəhəri 1 saylı tam orta məktəbin binasında tikinti işlərinin gedişi ilə tanış oldular. Eləcə də, dövlətimizin başçısına və birinci xanıma Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mənzil kommunal və təmir xidmətinin inzibati binasında görüləcək əsaslı təmir işləri barədə də məlumat verildi.

Bütün görülən quruculuq işləri Böyük Qayıdışı daha da sürətləndirir. Azərbaycan xalqı öz tarixinin şanlı səhifələrini yazır və bu tarixlə qürur duyur!  

DİGƏR Xəbərlər Arxiv