YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Azərbaycanın siyasi proseslərdəki rolu yüksək qiymətləndirilir

“Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik, intensiv və çevik xarici siyasi kurs sayəsində Azərbaycan bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatları, mötəbər qurumları ilə əlaqələrini daha da genişləndirib, möhkəmləndirib. Azərbaycan gənc müstəqil dövlət olmasına baxmayaraq, özünü bütün dünyada mötəbər beynəlxalq qurumlarla uğurla əməkdaşlıq edən ölkə kimi sübut edib. Dünyada qətiyyətli və uzaqgörən lider kimi böyük nüfuz qazanmış Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz parlaq siyasi qələbələrə imza atıb. Ona görə də bu gün dünya dövlətləri, beynəlxalq qurumlar Azərbaycanla sıx əməkdaşlıq edir, dövlətimizin siyasi proseslərdəki rolunu yüksək qiymətləndirirlər.” Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qeyd edib. O, bildirib ki, sentyabrın 16-da Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində Özbəkistanın Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatı kimi mötəbər qurumun sammitində iştirakı da Azərbaycana, onun rəhbərinə olan inam və etimaddan xəbər verir.

Əsas məqsədi üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərini gücləndirmək, əməkdaşlığı inkişaf etdirmək, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımlar atmaq olan təşkilatın Sammitində Azərbaycanın iştirakı, eyni zamanda, ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının əyani təsdiqidir. Bu gün Prezident İlham Əliyevin təşəbbüsləri ilə son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində Azərbaycan mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. 

Ramil Orucov xüsusi ilə vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya, Çin, Türkiyə kimi qitə liderlərinin iştirak etdiyi ŞƏT-in Səmərqənddəki Zirvə görüşündə düşmən təxribatına layiqli cavab verən ordunun Ali Baş Komandanı kimi iştirak edirdi.

Ölkəmizin Prezidenti Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi son dərəcə əhəmiyyətli regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini Sammit iştirakçılarının diqqətinə çatdıraraq belə nəhəng işlərin gerçəkləşməsi üçün sülh və qarşılıqlı əməkdaşlığın vacib şərt olduğunu vurğulayıb. Eyni zamanda, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat–kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaratdığı, Zəngəzur dəhlizinin açılması isə region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracağı diqqətə çatdırılıb. 

İlkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamaq əvəzinə, sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsinə diqqət çəkən Prezident İlham Əliyev düşmənin bu təxribatının qarşısının qətiyyətlə alındığını, eyni zamanda işğalçı respublikanın bu təxribatının iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə vurduğunu bildirdi.

Hər zaman dünyaya daim sülh və əməkdaşlıq mesajları verən Azərbaycan ərazilərini işğaldan azad etdikdən sonra dərhal genişmiqyaslı quruculuq-bərpa işlərinə başladığı halda, Ermənistan bu dəfə də xəyanəti seçdi. 44 günlük Vətən müharibəsində olduğu kimi, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Ermənistan silahlı qüvvələrinin layiqli cavabını verdi.

“Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən Sammitinin iştirakçıların ölkəmizə qarşı mövqeyi bir daha göstərdi ki, Cənubi Qafqazın lider dövləti Azərbaycandır”- deyə, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.