Xəbərlər
Azərbaycan xalqının və Silahlı Qüvvələrinin yanındayıq
Türkiyədə fəaliyyət göstərən Azərbaycan dərnəkləri Ermənistanın dövlət sərhədimizdə törətdiyi təxribatla bağlı bəyanat yayıblar.
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının İdarə heyətinin üzvlərinin imzası ilə yayılan bəyanatda deyilir: “Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində müxtəlif yollarla təxribatlara başlayıb, ərazidə minalar yerləşdiriblər. Sentyabrın 13-ü gecə saatlarından başlayaraq Ermənistan tərəfindən Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulub və törədilən genişmiqyaslı təxribatlarla vəziyyət gərginləşib.
Türkiyədə yaşayan və uzun illərdir Anadolu torpağında yurd salmış təxminən beş milyon Azərbaycan əsilli türk olaraq daim Azərbaycanımızın yanındayıq. Bütün dünya ermənilərin xüsusilə 1918 və 1992-ci illərdə azərbaycanlılara qarşı soyqırımı və qətliamlar törədərək, doğma yurdumuza və soydaşlarımıza necə böyük acılar yaşatdığını yaddan çıxarmamalıdır. Ermənistan və onun himayədarları dünya hərb tarixinin bizim neçə zəfərlərimizə şahidlik etdiyini də unutmamalıdırlar.
Hazırkı vəziyyətdə Türkiyə azərbaycanlıları olaraq bildirmək istəyirik ki, daim Azərbaycanımızın yanındayıq və ehtiyac olacağı təqdirdə, istər ön, istərsə də arxa cəbhədə yer almaqla həmişə hazırıq.
Azərbaycan Ali Baş Komandan İlham Əliyev başda olmaqla, vətəndaşı və tarixi Zəfəri ilə yaşadığımız əsrin parlayan ulduzudur.
Bütün varlığımız və dualarımızla Azərbaycan xalqının və Silahlı Qüvvələrinin yanındayıq”.