YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji dialoqu: çoxşaxəli tərəfdaşlıq dərinləşir

Füzuli Abdullayev

YAP Ağsu rayon təşkilatının sədri

Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen. Prezident İlham Əliyev İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək, bu barədə ətraflı danışıb.

Dövlət başçısı Azərbaycanın enerji təhlükəsizliyi strategiyasından bəhs edərkən, bu sahədəki fəaliyyəti mərhələlər üzrə səciyyələndirib. Eyni zamanda, 1994-cü ildə müstəqilliyimizin bərpasından üç il ötəndən sonra dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduğumuzu xatırladıb. “Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Beləliklə, biz Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail olduq”.

Prezident İlham Əliyev forumdakı çıxışında respublikamızın enerji strategiyası ilə bağlı bütün bu məqamlara nəzər salmaqla bərabər, hazırda Avropanın ciddi ehtiyac duyduğu ölkəmizin təbii qaz potensialını da konkret göstəricilərlə xarakterizə edib. Dövlət başçısı Azərbaycanın təsdiq edilmiş ehtiyatları ilə bağlı məlumatı diqqətə çatdıraraq, respublikamızın 2,6 trilyon kubmetrə bərabər ehtiyata malik olduğunu, son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçı kimi tanındığını vurğulayıb.

Enerji strategiyamızda önəmli layihələrdən sayılan Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri 2007-ci ildə istismara verilməklə, Azərbaycan qazı, ilk dəfə olaraq Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql edildi. Bundan bir il əvvəl - 2006-cı ildə isə Xəzəri Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi reallaşdı. Bütün bunlar neft-qazın beynəlxalq bazarlara çıxarılmasında yeni marşrut və mənbə kimi mühüm əhəmiyyətə malik idi.

Həmin vaxtdan etibarən Bakı-Tbilisi-Ceyhan, ümumiyyətlə, Azərbaycanın bütün digər enerjinin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan istismar edilir. Bu, əlbəttə, proqnozlaşdırmanın, etibarlılığın və bu cür nəhəng, texniki və maliyyə baxımından çətin infrastruktur layihələrin icrasında ölkəmizin gücünün, bu sahədə qazanılan bilik və bacarığın təzahürüdür. Həmçinin bu layihələrin çox mürəkkəb siyasi mühitdə həyata keçirilməsi də xüsusi diqqət çəkir.

Dövlətimizin başçısının hər zaman vurğulandığı kimi, Cənub Qaz Dəhlizi fəxr edə, fərəhlənə biləcəyimiz layihədir. Eyni zamanda, o, bizə nəhəng “Şahdəniz” qaz-kondensat yatağında hasilatı artırmağa imkan yaradan önəmli strukturdur.

Cənub Qaz Dəhlizi çox sayda müxtəlif maraqlı tərəfləri özündə birləşdirən mürəkkəb bir layihədir. Dəhlizin seqmentlərini “Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP layihələri təşkil edir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişir.

Prezident İlham Əliyev forumda yuxarıda adı çəkilən Cənub Qaz Dəhlizinin üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sisteminin - Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəmərlərinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırıb. “Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur. Onun bir hissəsi hündür dağlardan, bir hissəsi isə dənizin dibindən keçir. 2020-ci ilin son günü - dekabrın 31-də həmin mühüm layihənin yekun hissəsi olan TAP istifadəyə verildi. Həmin dövrdən etibarən bir il yarımdır ki, Azərbaycan Türkiyə və Gürcüstandan əlavə Avropanın üç ölkəsinə təbii qaz ixrac edən ölkəyə çevrilib. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür”.

DİGƏR Xəbərlər Arxiv