Xəbərlər
Azərbaycanla əməkdaşlıq strateji seçim kimi...

Yəmənli yazıçı Əbdül Həmid Əl-Kibi “Əl İnmaye” və “Əl Temeniye Əl Yom” portallarında Azərbaycanın ərəb ölkələri ilə əlaqələrinə dair məqalə ilə çıxış edib.
Məqalədə Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra ərəb dövlətləri ilə əlaqələrindən, diplomatik münasibətlərin qurulmasından, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından bəhs olunub. Müəllif vurğulayıb ki, bu prosesin başlanması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun ərəb dövlətlərinə səfərləri, həmçinin Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri ilə keçirdiyi görüşlər nəticəsində bu əlaqələr qısa müddətdə yüksək səviyyəyə çatıb.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin ərəb ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyi vurğulanıb, ərəb liderləri və təşkilatlarının rəhbərləri ilə görüşlərinin əhəmiyyətindən bəhs olunub. Əl-Kibi diqqətə çatdırıb ki, Azərbaycanda ərəb dilinin öyrənilməsi, ərəb ölkələri xalqlarının mədəni irsinin tanıdılması istiqamətində də mühüm addımlar atılıb.
Sonda qeyd olunub ki, güclü iqtisadiyyata və beynəlxalq nüfuza malik olan Azərbaycan bütün ərəb dövlətlərinin əməkdaşlığa can atdığı bir ölkədir.