Xəbərlər
Yeni qlobal düzəndə əməkdaşlıq nümunəsi

Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Sentyabrın 2-də Prezident İlham Əliyevin İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı önəmli məqamlarla yadda qaldı. Bu gün Azərbaycan və İtaliya arasında münasibətlər özünün ən böyük inkişaf dövrünü yaşayır. Əslində bu münasibətlər formalaşmaqda olan yeni qlobal düzəndə dövlətlərin hansı çərçivədə səmərəli və effektiv əməkdaşlıq aparmalı olduğunu nümayiş etdirir.
İlk öncə qeyd etmək lazımdır ki, Azərbaycan və İtaliya strateji tərəfdaşlar olaraq bir sıra sahələrdə əməkdaşlıq edirlər. Bu sahələr enerji, təhsil və digər mühüm sahələri əhatə edir. İtaliyanı ən çox neftlə təmin edən ölkə məhz Azərbaycandır. Azərbaycan geniş neft və qaz imkanlarına sahib ölkə kimi öz resurslarından Avropanın enerji bazarının şaxələndirilməsində önəmli əhəmiyyətə malik ölkədir. Zamanında atılmış tarixi addımlar və yüksək iradə sayəsində Cənub Qaz Dəhlizi kimi nəhəng layihə icra olunmuşdur ki, bunun da əsas məqsədi Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməri vasitəsilə Azərbaycan qazını Avropaya nəql etməkdir.
Rusiya-Ukrayna müharibəsi nəticəsində qaz böhranı yaşayan Avropanın belə mürəkkəb bir dövrdə Azərbaycan qazına olan ehtiyacı yüksələn xəttlə artır. Təkcə son bir il yarımlıq dövrə nəzər yetirdikdə Azərbaycanın Avropaya 13,5 milyard kubmetr qaz nəql etdiyi müşahidə olunur. Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu gələcək üçün üçün yol xəritəsi rolunu oynayaraq elektrik enerjisi, hidrogen və yaşıl hidrogen kimi dayanıqlı enerji resurslarından istifadənin genişləndirilməsini özündə ehtiva edir.
Azərbaycan və İtaliya arasında digər əməkdaşlıq edilən sahələrdən biri də təhsil sahəsidir. Prezident İlham Əliyevin İtaliyaya son səfəri zamanı ölkəmizin ADA Universiteti ilə İtaliyanın aparıcı təhsil ocaqları - Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universiteti ilə tərəfdaşlığa dair sənədlər imzalandı. Bu Azərbaycanda gələcək nəsilin nümayəndələrinin müasir çağırışlara cavab verən vətəndaşlar olaraq yetişmələrinə güclü töhvə verəcəkdir.
48-ci Beynəlxalq Çernobbio Forumunda Azərbaycanın heç bir zaman nəhəng qonşuların siyasətinə uyğunlaşmadığını qeyd edən Prezident İlham Əliyev ölkəmizin beynəlxalq səviyyədə əlaqələrinin beynəlxalq hüquq və ədalət çərçivəsində formalaşdığını bildirdi. Bununla da Azərbaycan Prezidenti bir daha beynəlxalq ictimaiyyət qarşısında nümayiş etdirdiki qeyri-müəyyən istiqamətdə inkişaf edən müasir qlobal düzəndə ölkələrin dayanıqlı gələcəyini təmini etmək üçün ölkələr arasında əməkdaşlıqin inkişafı daha effektiv və faydalıdır.