YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi missiya və enerji təhlükəsizliyində strateji rol

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Bu gün dünya siyasətinin aktual məsələlərindən biri enerji təhlükəsizliyidir. Enerji qaynaqlarının əhəmiyyəti artır və sürətlə böyüyən dünya iqtisadiyyatı bu qaynaqlara əvvəlkindən daha çox ehtiyac duyur. Artıq strateji enerji mənbələri qlobal geosiyasi vəziyyətə təsir edən amillərdən birinə çevrilib. Azərbaycan Respublikası da zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq və enerji infrastrukturuna və enerji sisteminə malik ölkələrdəndir. Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin əsasları öz başlanğıcını 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”ndən götürüb. “Əsrin müqaviləsi” Azərbaycanın dünya ölkələri ilə qarşılıqlı əlaqələrinin genişlənməsinə və beynəlxalq mövqelərinin möhkəmlənməsinə güclü təkan verdi, Avropa Birliyinə inteqrasiya olunmasına, əsas dünya ölkələri, ilk növbədə, böyük dövlətlərlə dostluq və strateji əməkdaşlıq münasibətlərinin yaranmasına və inkişafına əlverişli imkan və müsbət zəmin yaratdı. Hazırda Azərbaycan regionun və Avropanın enerji təhlükəsizliyinin təminatçısına, beynəlxalq layihələrin iştirakçısına, Cənubi Qafqaz regionunun ən qüdrətli ölkəsinə çevrilib.

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House - Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışında qeyd edib: “Bizim enerji strategiyamız mərhələlərə bölünüb. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə biz dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə olduq. Tezliklə biz Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq bizim ixrac boru kəmərlərinə ehtiyacımız var idi. Biz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərimizə götürdük. Ötən ay Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen və mən Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq. Bu, bizim enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Mən bunu gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdım. Biz Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq və əminəm ki, buna nail olacağıq”.

Azərbaycanın bu mühüm enerji layihəsinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür. Azərbaycanın Aİ və bölgə ölkələrinin enerji təhlükəsizliyi sistemindəki strateji rolu gündən-günə artır.

DİGƏR Xəbərlər Arxiv