YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanan addımlar

“90-cı illərin əvvəllərində Azərbaycanın üzləşdiyi təhlükələr bizim bir millət olaraq, xalq olaraq müstəqilliyimizi sual altında qoyurdu. O dövrdə olan hakimiyyət rəhbərlərinin səriştəsizliyi isə bizi sevməyənlər üçün sanki bir əlverişli fürsət yaratmışdı. Ölkənin parçalanması isə qaçılmaz idi. Dahi siyasətçi, ulu öndər Heydər Əliyevin bilərəkdən siyasətdən uzaqlaşdırılması da bu mənfur planların bir hissəsi idi. Çünki təkcə onun nüfuzu düşmənlərimizin planlarını alt-üst etməyə yetirdi. Ölkənin o dövrdəki rəhbərləri bunu başa düşməsə də, xalq xilaskarının kim olduğunu bilirdi”.

Bu fikirləri Milli Məclisin deputat Vüqar İskəndərov bildirib. 

V.İskəndərov deyib ki. Naxçıvan parlamentinin yeni tərkibdə 1990-cı il noyabrın 17-də keçirilən ilk sessiyası deputatların istəyi və böyük təkidi nəticəsində ulu öndər Heydər Əliyevin sədrliyi ilə öz işinə başlaması və Sessiyada gündəliyə çıxarılan məsələlər, qəbul edilən tarixi qərarlar, ümumilikdə, Azərbaycanın müstəqilliyinə və suverenliyinə hesablanan addımlar idi: “Çünki 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli Lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Əlbəttə atılan addımlar yalnız bununla yekunlaşmırdı. Verilən tarixi qərarlar bizim müstəqilliyimizin möhkəmlənməsində müstəsna əhəmiyyət daşıyırdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il noyabrın 17-də keçirilən sessiyasında ümummilli lider Heydər Əliyevin təşəbbüsü Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdi. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət bayrağı elan etmişdi. Əlbəttə Naxçıvanda atılan bu cür addımlar, alınan qərarlar Azərbaycan Respublikasının işinə də çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Ona görə də qeyd etmək yerin düşər ki, Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalanmışdı”.