Xəbərlər
Vətən Müharibəsi Qəhrəmanının doğum günü qeyd olunub
Vətən Müharibəsi Qəhrəmanı, Azərbaycan Hərbi Hava Qüvvələrinin polkovniki şəhid Zaur Nudirəliyevin doğum günü məzarı önündə qeyd olunub.
Anım mərasimində Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavinləri Yusif Sadıqov, İlqar Mirzəyev, Rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev və Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, şəhidin yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə şəhidin xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Şəhid Zaur Nudirəliyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Zaur Nudirəliyev ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb.