Xəbərlər
Ümummilli lider Heydər Əliyev Azərbaycanda siyasi sabitliyin banisidir
Anastasiya Lavrina
YAP Gənclər Birliyinin üzvü
Bu gün Azərbaycan güclü və çiçəklənən dövlətdir, bir çox dünya dövlətlərinin sabit və bərabərhüquqlu tərəfdaşıdır, regionun lideridir. Lakin bir çox cəhətdən xarici siyasətin perspektivlərini, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş daxili sabitlik müəyyən edir. O, həyatını Azərbaycan xalqının mənafeyi uğrunda mübarizəyə həsr etmiş, zəngin təcrübəsinə arxalanaraq ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib.
1991-ci ildə SSRİ süquta uğrayır, Azərbaycan vətəndaş müharibəsi və Ermənistanın işğalı nəticəsində hər gün yeni-yeni yaşayış məntəqələri üzərində nəzarəti itirmək təhlükəsi ilə üzləşdiyi, ən ağır dövrləri yaşayır. Naxçıvan Muxtar Respublikası blokadadadır, sosial-iqtisadi vəziyyəti pisləşir, qonşu Ermənistan oranı da işğal etmək arzusundadır. Belə çətin bir dövrdə siyasi aləmdə böyük nüfuza və diplomatik bacarıqlara malik təcrübəli liderə ehtiyac var idi.
Ulu Öndər Heydər Əliyev 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Həmin dövrdə Azərbaycanın müstəqillik yolunun əsası qoyuldu. O, yeni təyinatını Vətənin suverenliyini və müstəqilliyini daha fəal müdafiə etmək imkanı kimi qiymətləndirdi. Xalqın rifahının yüksəldilməsi, bütün istiqamətlərdə tərəqqinin təmin edilməsi, Naxçıvanın blokadadan çıxması üçün, Heydər Əliyev Türkiyə və İranla qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq əsasında ilk rəsmi əlaqələrin qurulmasına nail oldu. Muxtar Respublikada sosial-iqtisadi vəziyyət yaxşılaşdı. Bununla da bütün Naxçıvanı dağılmaqdan, işğaldan xilas etdi.
Məncə, Ulu Öndərin ən mühüm nailiyyətlərindən biri də dünyadakı bütün azərbaycanlıların birləşməsinə nail olmasıdır. Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik Günü ilk dəfə 1991-ci ildə Heydər Əliyev tərəfindən elan edilib. Həmin dövrdə ölkədə yaşayan bir çox etnik xalqları özündə birləşdirən azərbaycanlılar himayəsiz qalmadıqlarını başa düşdülər. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası ictimai təşəbbüs və arzulardan əməli işə çevrildi, dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə yüksəldi. Azərbaycanlıların kompakt yaşadıqları ölkələrdə təşkilatlanması, birliyinin möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər həyata keçirilib.
Məhz ulu öndər Heydər Əliyevin gəlişi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsinin şahidi olduq, 1990-cı il 20 Yanvar faciəsinə düzgün siyasi qiymət verildi, doğma torpağın düşməndən müdafiəsi ulu Vətəndən - Azərbaycandan təcrid olunmuş Naxçıvanın hərbi-iqtisadi blokadası şəraitində başladı.
Belə ki, ümummilli lider Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvanda hakimiyyətdə olduğu dövrdə Muxtar Respublikanı geniş inkişaf yoluna çıxarmağa nail oldu.
Ulu Öndər Heydər Əliyev ölkədə siyasi sabitliyin banisi oldu. O, təkcə Azərbaycanı deyil, bütün Cənubi Qafqazı xilas etdi, regionun inkişafının əsasını qoydu. Ümummilli Lider təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində xatırlanır, ona hörmət və ehtiramla yanaşılır. Onu bir çox xalqlara dost olmuş böyük şəxsiyyət adlandırırlar.