YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsl dövlət idarəçiliyi məktəbi

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz xəzinə məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik Liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin hər birinin uğurlu gələcəyimizə hesablandığını görərik. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. 31 il öncə Ulu Öndərin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Bütün həyatı boyu həmişə xalqının yanında olan ulu öndər Heydər Əliyev 1990-cı ildə törədilmiş 20 yanvar faciəsi zamanı Azərbaycan xalqına qarşı həyata keçirilən siyasətə etirazını bildirdi. Bu etiraz ona qarşı siyasi təqiblərin daha da şiddətlənməsinə səbəb oldu. Çətin və mürəkkəb dövrdə Azərbaycana qayıdıb xalqı ilə birlikdə olmaq istəyən ulu öndər Heydər Əliyev bütün çətinliklərə baxmayaraq, iradəsini ortaya qoydu və vətənə döndü. 1990-cı il iyulun 20-də Bakıya qayıdan ulu öndər Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşdü. 

Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin iclasında Muxtar Respublikanın adından "sovet sosialist" sözlərinin götürülməsi, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi və bu barədə Azərbaycan Parlamenti qarşısında qanunvericilik təşəbbüsü qaydasında məsələ qaldırılması haqqında tarixi qərarlar qəbul edildi. Naxçıvanda həyata keçirilən demokratik tədbirlər bütün Azərbaycana nümunə oldu. 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası demokratik qüvvələrin tələbi ilə bir sıra tarixi qərarlar qəbul edildi. Dövlətin adı dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı dövlət bayrağı kimi təsdiq olundu. 1991-ci il avqustun 26-dan Naxçıvan Muxtar Respublikası ərazisində Azərbaycan KP-nin fəaliyyəti dayandırıldı və bütün strukturları ləğv edildi.

1991-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçildi və müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini oldu. Bu vəzifədə Ulu Öndər 1993-cü ilə kimi çalışdı. Həmin illərdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız, təsadüfi şəxslərin əməlləri nəticəsində respublikada gərgin ictimai-siyasi vəziyyət yaranmışdı. Hadisələr kuliminasiya nöqtəsinə çatmış, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə almışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli lider Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu. Dahi Şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın həyatının bütün sahələrində köklü islahatlar reallaşdırıldı və ölkəmiz dinamik inkişaf etməyə başladı. Azərbaycanın üzləşdiyi problemlər, çətinliklər uğurlu siyasi strategiyanın həyata keçirilməsi ilə aradan qaldırıldı, respublikamız və xalqımız nicat yoluna qədəm qoydu. Beləliklə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun itirilməsinə yol vermədi. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası yaratdı. 1993-cü ilin oktyabr ayının 3-də YAP-ın Sədri Heydər Əliyevin Prezident seçilməsi ölkəmizdə iqtisadi sabitliyin təmin edilməsi, tənəzzülə uğramasının qarşısının alınması və yeni dövrün tələblərinə uyğun şəkildə islahatların həyata keçirilməsində böyük əhəmiyyət kəsb etdi. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətləri sırasında dövlət müstəqilliyinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdən biri kimi dövlət quruculuğunun hüquqi bazasının yaradılması idi.

Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində oynadığı misilsiz rolu hər zaman ehtiramla xatırlanır və gələcək nəsillərə ötürülür. Heydər Əliyevin fəaliyyətinin hər bir məqamı ümummilli maraqlarımıza xidmət edib. Azərbaycan dövlətinin və xalqının təhlükəsizliyi, inkişafı, tərəqqisi, bütövlüyü, dünyadakı nüfuzunun artırılması, haqlı mövqeyimizin təbliğatı uğrunda fədakarcasına çalışıb. Bu gün ölkəmizdə aparılan uğurlu islahatların əsası məhz Ümummilli Liderin siyasi kursunun məntiqi nəticəsidir.

Xalqımızın Ümummilli Lideri, Dahi Şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi, fədakarlığı, müdrikliyi Ulu Öndəri bütün dünya azərbaycanlılarının Liderinə çevirib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, inkişaf və tərəqqi, xalqımızın milli dəyərlərinin qorunması Heydər Əliyev Şəxsiyyətinin bəhrəsidir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb.

Müasir həyatımızda Azərbaycana marağın artması ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində mümkün olub. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın böyük nailiyyətlər əldə etməsinə səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Belə də oldu. Prezidentin çıxışlarının birində "Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir" - deməsi çox böyük əsaslara söykənir. 2003-cü ildən bu günə qədər keçən dövr Azərbaycan sürətli inkişaf dövrünü yaşayıb. 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapıb. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən uca kürsülərindən çıxış edərək, ölkəmizin maraqlarını müdafiə edir. Əlbəttə ki, bu uğura nail olunması üçün böyük işlər görülüb, dövlətimiz çətin və məsuliyyətli yollar keçib.

İctimai-siyasi və sosial-iqtisadi həyatının müstəqillik dövrünü yaşayan Azərbaycan yüksək göstəriciləri və nəticələri ilə dünya dövlətləri sırasında qüdrətini daha da artırır.

Müzəffər Ordumuzun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdirik siyasəti və “Dəmir yumruq” əməliyyatı ilə 30 ilə yaxın bir müddətdə işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük müharibədə tarixi Zəfər qazandı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçiriliməsi, vəziyyəti daim nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəmizi şərtləndirən amillərdir.

Qısa bir zamanda işğaldan azad olunan ərazilərdə reallaşan infrastruktur layihələr, abadlıq və quruculuq işləri Azərbaycanın iqtisadi gücünü bir daha ortaya qoymuş oldu. Müharibədən çıxmış bir dövlət qısa zamanda Böyük Qayıdışın tətənəsini yaşadı.

Bu gün Şuşada, Füzulidə, Ağdamda və digər ərazilərimizdə görülən işlər Böyük Qayıdışımızı daha da yaxınlaşdırır. Zəngilan rayonunun Ağalı kəndində də sürətlə görülən işlər bu şəhərin sakinlərini tezliklə qoynuna alacağından xəbər verirdi. Bu gün artıq biz Laçın şəhərindəyik, Zabux və Sus kəndlərindəyik. Dövlətimiz dünyaya sübut etdi ki, Qarabağ və Şərqi Zəngəzur əzəli Azərbaycan torpağıdır. Bu gün işğaldan azad olunan ərazilərimizdə böyük abadlıq quruculuq işləri davam etdirilir. Tikiləcək yeni evlər, ictimai binalar, sosial obyektlər tezliklə işğaldan azad olunan ərazilərimizi müasir şəhərə çevirəcək. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Yeni reallıqlar yaratmış Azərbaycan Qarabağı, Şərqi Zəngəzuru cənnətməkana çevirmək məqsədi ilə genişmiqyaslı bərpa-quruculuq işlərini davamlı olaraq həyata keçirir.