Xəbərlər
Baş nazir Əli Əsədov: Yeni reallıqlar nəqliyyat kommunikasiyalarının, eləcə də yeni nəqliyyat və ticarət yollarının açılması üçün yaxşı imkanlar yaradır
Avqustun 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qırğız Respublikasının Çolpon-Ata şəhərində keçirilən Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, iclasda çıxış edən Baş nazir Əli Əsədov Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olan demək olar bütün ölkələrlə sıx ikitərəfli əlaqələrə və iqtisadi əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, milli suverenlik və bir-birinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.
Qeyd olunub ki, məhz bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanan əməkdaşlıq uzunmüddətli sülhün, sabitliyin və davamlı inkişafın əsas təminatçısıdır.
Azərbaycanın regional və qlobal miqyasda əməkdaşlığın və sülhün təmin edilməsinə, sabit təhlükəsizlik sisteminin formalaşmasına yönəlmiş strateji kursun həyata keçirdiyi vurğulanıb. “Bu kontekstdə ölkəmiz Avrasiya regionunda sülhü və dialoqu təşviq edir, əməkdaşlığın inkişafına dəyərli töhfələr verir”, - deyə Baş nazir bildirib.
Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın regiondakı tərəfdaşları ilə birlikdə nəqliyyat kommunikasiyalarının inkişafına, regional və kontinental ticarətin gücləndirilməsinə yönəlmiş bütün təşəbbüs və layihələrdə iştirak etdiyi qeyd olunub.
İclas iştirakçılarının diqqətini Azərbaycanın iqtisadi inkişafına yönəldən Baş nazir Əli Əsədov qlobal iqtisadiyyatdakı mənfi tendensiyalara baxmayaraq, 2022-ci ilin ilk altı ayında ölkəmizdə yaxşı iqtisadi artım templərinin qeydə alındığını bildirib. Belə ki, bu ilin 6 ayı ərzində iqtisadi artım 6,2 faiz təşkil edib. Qeyri-neft iqtisadiyyatı 9,6 faiz artıb. Xarici ticarət də xeyli artıb – 70 faizdən çox. Azərbaycan məhsullarının ixracı iki dəfədən çox, qeyri-neft ixracı isə 25 faiz artıb.
Bildirilib ki, Azərbaycan beynəlxalq nəqliyyat və logistika dəhlizlərinin yaradılması üzrə mühüm layihələrin həyata keçirilməsi üçün nəqliyyat infrastrukturunun modernləşdirilməsinə sərmayə qoyub və bunu davam etdirir.
Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Qars dəmir yolu və bir sıra digər layihələrdə mühüm halqa olduğu vurğulanıb. “Ölkəmizin ərazisindən keçən müxtəlif marşrutlar üzrə yükdaşımaların hər il artdığını müşahidə edirik. Təkcə cari ilin 6 ayında tranzit daşımalarının həcmi 50 faizdən çox artıb. Xəzərdə yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanından daşınan tranzit yüklərin həcmi artmaqdadır. Liman infrastrukturu ildə 100 000 TEU konteyner daxil olmaqla, 15 milyon tona qədər yük daşımağa imkan verir. Bununla belə, yükdaşımaların artması və bununla bağlı proqnozlar onun buraxılış qabiliyyətinin artırılmasını tələb edir. Bunu nəzərə alaraq biz limanın yükdaşıma qabiliyyətinin 25 milyon ton yükə və 500 min TEU konteynerə qədər genişləndirilməsi üzrə ikinci fazanın əsasını qoyduq”, - deyə Ə.Əsədov bildirib.
Diqqətə çatdırılıb ki, Azərbaycan bundan sonra da Avrasiya İqtisadi Birliyi üzrə tərəfdaşlarının ölkənin tranzit potensialından istifadə edə bilməsi üçün hər cür şərait yaratmağa hazırdır.
Ölkələri və qitələri birləşdirən nəqliyyat layihələri çərçivəsində əməkdaşlığın bütün Avrasiya məkanında sabit, firavan, ləyaqətli və proqnozlaşdırıla bilən gələcəyə töhfə verəcəyinə əminlik ifadə olunub.
“Bu tezis regionda yaranmış yeni reallıqlarla daha da möhkəmlənir ki, bu da nəqliyyat kommunikasiyalarının, eləcə də yeni nəqliyyat və ticarət yollarının açılması üçün yaxşı imkanlar yaradır”, - deyə Baş nazir əlavə edib.