YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hüquq diplomatiyası, yaxud məğlubların daha bir fiaskosu – TƏHLİL / VİDEO

Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə əlaqədar hüquq pozuntularına görə beynəlxalq məhkəmələrdə iddialar qaldırıb. Avropa İnsan Hüquqları Məhkəməsi, BMT-nin başlıca məhkəmə orqanı və dünyada altı əsas qurumdan biri olan Beynəlxalq Ədalət Məhkəməsi kimi instansiyalara müvafiq müraciətlər edilib.

Proses davam edir, hücum diplomatiyasının mühüm tərkib hissəsi olan hüquq diplomatiyası real nəticələr verir.

Qalib və haqlı Azərbaycanın əsaslı iddiaları qəbul olunur, Ermənistanın isə ittiham və böhtan xarakterli vəsatətləri rədd edilir.

Son olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistanın Azərbaycana qarşı vəsatətini qəbul etməyib. Bundan öncə isə HAAQA məhkəməsində HAQQIN qələbəsinə şahid olmuşduq. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsi irqi nifrətin təşviqini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin etmişdi.

Bunlar Azərbaycanın ədalətli mövqeyinə hüquqi dəstək olmaqla yanaşı, ölkəmizin siyasi-diplomatik üstünlüyünün daha da güclənməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Əlbəttə, ermənilərin iddialarının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır.

Bəhs olunanlar təkcə hüquqi məsələ deyil, siyasi-ideoloji və diplomatik önəm kəsb edir. Çünki müvafiq instansiyalar Ermənistanın iddialarını təmin etsəydi, o zaman bundan əks-təbliğat vasitəsi kimi yararlanacaq, öz işğalçı siyasətlərinə, qeyri-konstruktiv mövqelərinə, qanunsuz əməllərinə haqq qazandırmaq üçün yeni ideoloji silah əldə edəcəkdilər. Hətta bir müddətdir ki, erməni lobbi-diaspor təşkilatları bununla bağlı təbliğat aparır, yeni qara piar kampaniyasına və pozucu fəaliyyətə hazırlaşdıqlarını gizlətmirdilər.

Amma necə deyərlər, evdəki hesab bazara uyğun gəlmədi. Ermənistanın məhkəmə qərarları ilə bağlı məyusluğu da elə buna görədir. Onlar həm də Azərbaycanın qarşısında hüquq və diplomatiya müstəvisində növbəti məğlubiyyətlərin qaçılmaz olduğunu dərk edirlər...

Proses isə davam edir. Azərbaycan qərarlı və qətiyyətlidir: Ermənistanın hüquqi məsuliyyətə cəlb olunması və qanun qarşısında cavab verməsi üçün növbəti addımlar atacaq.

Və Ermənistan hərb meydanında, siyasi müstəvidə, diplomatik arenada olduğu kimi, beynəlxalq hüquq platformasında da fiaskoya məhkumdur.