Xəbərlər
Azərbaycan daha bir dərs verdi
Anastasiya Lavrina
YAP Gənclər Birliyinin üzvü
Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq 2020-ci ilin sentyabrında başlayan, Azərbaycanın parlaq qələbəsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsindən iki ilə yaxın vaxt keçir. Lakin Ermənistan bundan dərs almayıb və hələ də qonşuları ilə sülh şəraitində yaşamağı öyrənməyib. Azərbaycanın Qarabağ bölgəsində - Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında, eləcə də iki ölkənin dövlət sərhəddində təxribatlar davam edir. Əsgərlərimiz hələ də Azərbaycan ərazisini tərk etməyən qanunsuz erməni silahlı birləşmələrinin silahlı təxribatları nəticəsində öz doğma torpaqlarında şəhid olurlar. Bütün beynəlxalq hüquq normalarını pozaraq regionda sülh və sabitliyi pozanlarla necə davranmaq olar? Başqa bir suveren dövlətin ərazisində yerləşən qonşu dövlətin qanunsuz silahlı birləşmələri ilə nə etmək lazımdır? Qonşu normal ünsiyyət dilini başa düşmürsə və öz əli ilə imzaladığı sənədin şərtlərini pozaraq, qonşu dövlətin ərazisində insanları öldürmək üçün qanunsuz hərbi birləşmələr göndərirsə, problemi necə həll etmək olar? Düşünürəm ki, indi bir çoxunuz güc tətbiq etmənin yeganə həll yolu olduğu cavabını verəcəksiniz. Bəli, bu həqiqətən də belədir!
Bir neçə saat davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan şəhidinin qanı düşmənə baha başa gəldi və onlar bunu unutmamalıdırlar”. Ermənistan başa düşməlidir ki, istənilən belə təxribata Azərbaycan tərəfindən müvafiq cavab veriləcək. Əgər Ermənistan başqa ölkələrdən yardım istəməklə Azərbaycanı dayandıra biləcəyini düşünürsə, çox yanılır. Azərbaycandan yaranan problemləri sülh yolu ilə həll etməyi xahiş edən dövlətlər 30 ilə yaxın qonşu dövlətin 20 faiz ərazisini işğal altında saxlayan, yüzlərlə mədəni, dini abidələrini yandırıb dağıdan və hazırda sülh müqaviləsini imzalamaqdan imtina edərək vəziyyəti gərginləşdirməyə davam edən işğalçı Ermənistana daha yaxşı təzyiq göstərsinlər.
Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparılır. Hazırda Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün infrastruktur layihələri həyata keçirilir və yaşamaq üçün hər cür şərait yaradılır. Kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Qarabağ və Şərqi Zəngəzurdakı iqtisadi layihələrin qlobal dünya iqtisadiyyatına inteqrasiyası üçün bütün lazımi şərait yaradılır. Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin işə salınması mühüm əhəmiyyət kəsb edir və onun işə salınması an məsələsidir.
Bu gün Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşlarıdır və hökumət onların hüquqlarının hər bir azərbaycanlının hüquqları ilə eyni səviyyədə müdafiəsini təmin etməyə hazırdır. Azərbaycan artıq açıq şəkildə bəyan edib ki, onların heç bir xüsusi mövqeyi və statusu olmayacaq. Qəbul etməyin vaxtıdır. Qarabağ həm tarixi, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bunu bütün dünya ictimaiyyəti qəbul edir.
Bütün dünyaya məlumdur ki, işğalçı ölkənin işğal etdiyi torpaqlarda məskunlaşmaq hüququ yoxdur. Bu, bütün beynəlxalq hüquq normalarına və Cenevrə Konvensiyasına ziddir. Ermənistan da bu beynəlxalq hüquq prinsiplərini pozub. Azərbaycanın Laçın şəhəri, Zabux və Sus kəndləri işğalda olduğu dövrdə ermənilər tərəfindən qanunsuz məskunlaşdırılıb və bu gün orada yaşayan insanlar yeni yaşayış yerləri axtarmaq məcburiyyətindədir. Baş verənlərə görə yalnız öz eqoist məqsədlərini güdən, bu insanların gələcəyi ilə maraqlanmayan Ermənistan rəhbərliyi günahlandırılmalıdır.
2020-ci ilin payızında imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistan uzun illərdir Qarabağda, Ermənistanla Azərbaycanın Xankəndi şəhəri arasında əlaqəni təmin edən Laçın dəhlizini və ətrafdakı yaşayış məntəqələrini, Laçın şəhərindən yan keçməklə çəkilən yeni yol istifadəyə verilən kimi, boşaltmağı öz öhdəsinə götürüb. Azərbaycan cəmi bir ilə 32 kilometr uzunluğunda yolu çəkib istifadəyə verib. Lakin, bu vəziyyətdə belə, o ərazidə yaşayan ermənilər özlərini ləyaqətlə aparmırlar. Azərbaycanın Laçın şəhərini tərk edərkən, əvvəllər yaşadıqları evləri yandırırlar. Bu yolla onlar yeni reallığa qarşı nifrət, aqressiya və qəbuledilməzlik nümayiş etdirirlər. Aydındır ki, bu cür davranış hərbi və hüquqi məsuliyyətə səbəb olacaq. Ya Ermənistan nəticə çıxaracaq, ya da öz məntiqsiz hərəkətlərinin qarşılığını görəcək.